Şarl Lekler Lyuis Hemiltonun “Ferrari”də ona necə kömək etdiyini açıqladı

30 Oktyabr 2026 14:12
80
Şarl Lekler Lyuis Hemiltonun “Ferrari”də ona necə kömək etdiyini açıqladı

“Formula-1” üzrə dünya çempionatında “Ferrari” komandasının pilotu Şarl Lekler komanda yoldaşı Lyuis Hemiltondan öyrəndiyi təcrübənin onun inkişafında mühüm rol oynadığını açıqlayıb.

İdman.Biz “PlanetF1” nəşrinə istinadən xəbər verir ki, monakolu sürücü yeddiqat dünya çempionunun telemetriya məlumatlarını mütəmadi araşdırdığını və onun bolidi idarəetmə üsullarını öyrəndiyini bildirib.

Leklerin sözlərinə görə, Hemiltonun komandaya qoşulmasından sonra qeyd dəftərində əvvəlkindən daha çox məlumat toplanıb.

“Lyuislə bağlı tam əminliklə deyə bilərəm ki, hər həftəsonu bir-birimizi daha yaxşı nəticələr göstərməyə sövq edirik. Bəzi yarış həftəsonlarında o, inanılmaz dərəcədə sürətli olur və mən ondan çox şey öyrənirəm. Hətta özüm yaxşı çıxış edəndə belə, onun məlumatlarını araşdıraraq necə işlədiyini və bolidi necə idarə etdiyini anlamağa çalışıram. Çünki o, bunu olduqca yüksək səviyyədə bacarır”, - deyə Lekler bildirib.

Monakolu pilot Hemiltondan öyrəndiklərini xüsusi qeyd dəftərində topladığını da vurğulayıb:

“Hər yarış həftəsonundan sonra öyrəniləcək nəsə tapılır. Qeyd dəftərimdə çoxlu məlumat var. Yəqin ki, Lyuis komandaya qoşulandan bəri əvvəlkindən daha çox qeydlər aparıram”.

Lekler 2026-cı ildə qüvvəyə minən yeni texniki reqlamentin pilotlardan fərqli idarəetmə üsulları tələb etdiyini də qeyd edib.

“Bu bolidlər bizi karyeramızda əvvəllər heç vaxt etmədiyimiz şeyləri etməyə məcbur edir. Bəzən çox qəribə üsullarla sürməli oluruq. Hər zaman bundan zövq almasam da, düşünürəm ki, uzunmüddətli perspektivdə bu təcrübə məni daha yaxşı pilot edəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2026-cı il mövsümündə Lekler və Hemilton hərəyə bir Qran-pri qələbəsi qazanıblar. Dünya çempionatının şəxsi hesabında britaniyalı pilot komanda yoldaşını səkkiz xal qabaqlayır. “Ferrari” isə Konstruktorlar Kubokunda ikinci pillədə qərarlaşıb.

İdman.Biz