“Red Bull” pilotu Maks Ferstappen Ostində avtomobilin optimal sazlanmasını tapmağın çətin olduğunu bildirib.
İdman.Biz “RacingNews365”ə istinadən xəbər verir ki, niderlandlı pilot "Formula-1" üzrə ABŞ Qran-prisi öncəsi cümə günü keçirilən sərbəst yürüşləri dəyərləndirib.
Maks Ferstappen “Amerikalar dairəsi” trasının nahamar səthinin avtomobilin sazlanmasını çətinləşdirdiyini vurğulayıb.
“Trasda çoxlu çuxurların və nahamar hissələrin olması işi xeyli çətinləşdirir. Avtomobil üçün düzgün ritmi və balansı tapmağa çalışdıq. Birinci və ikinci sərbəst yürüşlər arasında məhz bu məqamlara diqqət yetirdik. Hələ görüləsi çox iş var, amma həftəsonuna pis başlamamışıq”, - deyə dördqat dünya çempionu bildirib.
İkinci sərbəst yürüşdə Maks Ferstappen üçüncü yeri tutub. O, 1 dəqiqə 35,291 saniyə nəticə göstərərək birinci olan “Ferrari” pilotu Şarl Leklerdən 0,189 saniyə geri qalıb. “Mercedes”in pilotu Andrea Kimi Antonelli isə Leklerdən 0,042 saniyə geri qalaraq ikinci olub.
Qeyd edək ki, ABŞ Qran-prisinin üçüncü sərbəst yürüşü bu gün – oktyabrın 24-də Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək. ABŞ Qran-prisi 2026-cı il Formula 1 dünya çempionatının 18-ci mərhələsidir.
