Alonso “Formula-1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:40
139
Alonso “Formula-1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso V8 və V10 mühərriklərinin yenidən istifadəyə qaytarılması ideyasına münasibət bildirib.

İdman.Biz “Motorsport” nəşrinə istinadən xəbər verir ki, “Aston Martin” komandasının ispaniyalı pilotu bu texnologiyaların müasir dövrün tələblərinə uyğunluğuna şübhə ilə yanaşır.

“Düşünürəm ki, dünya dəyişib. Əlbəttə, həmin bolidləri idarə etmək çox əyləncəli idi. Onlar olduqca yüngül və səs-küylü idi. Lakin belə texnologiyalar artıq müasir dünyaya uyğun gəlməyə bilər”, - deyə Alonso bildirib.

İspaniyalı pilot “Formula-1”də mühərriklərdən istifadə qaydalarının illər ərzində necə dəyişdiyini də xatırladıb.

“Karyerama başlayanda mühərrikləri dəyişirdik. Şənbə günü təsnifat mərhələsinin 12 dövrəsi üçün bir mühərrikimiz, bazar günü yarış üçün isə başqa mühərrikimiz olurdu. İndiki dünyada bunu etmək mümkündürmü? Yəqin ki, yox”, - deyə o vurğulayıb.

Maraqlıdır ki, Alonsonun açıqlaması Beynəlxalq Avtomobil Federasiyasının (FIA) V8 mühərriklərinin qaytarılması üzərində işlədiyi dövrə təsadüf edir.

FIA prezidenti Məhəmməd bin Sulayem 2030 və ya 2031-ci ildən etibarən hazırkı V6 mühərriklərini səkkizsilindrli mühərriklərlə əvəzləmək niyyətini ortaya qoyub.

Yeni konsepsiya turbomühərriklərdən, dayanıqlı yanacaqdan və daha az elektrik enerjisi payından istifadəni nəzərdə tutur.

2026-cı ildən qüvvəyə minən texniki reqlamentə əsasən, “Formula-1” bolidlərində V6 turbomühərriki ilə elektrik sisteminin birgə işlədiyi hibrid güc qurğularından istifadə olunur. Elektrik enerjisinin ümumi gücdə payı təxminən 50 faizə çatır.

Bu dəyişikliklər nəticəsində enerji idarəçiliyi pilotların yarış strategiyasında mühüm rol oynamağa başlayıb.

Alonso isə hesab edir ki, əsas məsələ elektrikləşmədən tamamilə imtina etmək deyil, daxiliyanma mühərriki ilə elektrik sistemi arasında düzgün balans tapmaqdır.

“Düşünürəm ki, mövcud reallığı qəbul etməli və dünyaya uyğunlaşmalıyıq. Ola bilsin, hibrid sistemlər irəliyə doğru düzgün yoldur. Sadəcə, daxiliyanma və elektrik hissələri arasında nisbəti müəyyənləşdirməliyik. Elektrik enerjisindən nə qədər asılı olmalı olduğumuzu tapmalıyıq”, - deyə Alonso fikrini tamamlayıb.

İdman.Biz