Ferstappen “Formula-1”in paddokunu zooparka bənzətdi

16 Oktyabr 2026 21:41
111
Ferstappen “Formula-1”in paddokunu zooparka bənzətdi

“Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen paddokda (“Formula-1” yarışlarında komandaların, pilotların, mühəndislərin və digər akkreditə olunmuş şəxslərin fəaliyyət göstərdiyi xüsusi ərazidir. Burada komandaların iş və istirahət məkanları, texniki zonaları və qonaqlar üçün ayrılmış sahələr yerləşir - red) yaranmış vəziyyəti tənqid edib.

İdman.Biz xəbər verir ki, niderlandlı pilot qonaqların və ziyarətçilərin həddindən artıq çox olması səbəbindən həmkarları ilə rahat ünsiyyət qurmağın getdikcə çətinləşdiyini söyləyib.

“Son vaxtlar paddok zooparka bənzəyir. Artıq çox vaxt kiminləsə sakitcə söhbət etmək belə mümkün deyil. Buna görə də vaxtımın böyük hissəsini kiçik otağımla pit-leyn arasında hərəkət etməklə keçirirəm. Hətta VIP zonalarımızda belə səndən nəsə istəyən həddindən artıq çox insan var”, - deyə Ferstappen bildirib.

Beləliklə, “Red Bull” pilotu komandaların və sürücülərin iş məkanı olan paddokda insan sıxlığının artmasından narazılığını ifadə edib. Onun sözlərinə görə, bu vəziyyət idmançıların rahat ünsiyyətinə və yarışlara hazırlığına mane olur.

İdman.Biz