“Formula-1” üzrə dünya çempionatında çıxış edən Williams Racing komandası Marvel ilə əməkdaşlıq çərçivəsində xüsusi layihə təqdim edib. Layihənin əsas hissəsi komiks personajlarından biri olan Doktor Dumun üslubunda hazırlanmış nümayiş bolididir.
İdman.Biz “Formula-1”in rəsmi saytına istinadən xəbər verir ki, qeyri-adi dizaynlı FW48 avtomobili ABŞ-də keçirilən New York Comic Con festivalında nümayiş etdirilib.
Əməkdaşlıq çərçivəsində xüsusi yarış kombinezonları və Williams pilotları Karlos Sayns, Aleks Albon, eləcə də komandanın rəhbəri Ceyms Vaulzun iştirak etdiyi komiks hazırlanıb.
Layihə real avtoidman nümayəndələrini Marvel-in uydurma qəhrəmanlar dünyası ilə bir araya gətirir. Nümayiş bolidinin dizaynında Doktor Dum obrazına xas elementlərdən istifadə olunub.
Komiksin oktyabrın 21-dən ABŞ-də daha geniş satışa çıxarılması nəzərdə tutulur. Bundan əlavə, xüsusi dizaynlı avtomobilin ABŞ Qran-prisi həftəsində Ostində azarkeşlərə nümayiş etdirilməsi planlaşdırılır.
Bununla belə, söhbət yalnız nümayiş üçün hazırlanmış boliddən gedir. Williams komandası Qran-pridə yarış avtomobillərinin bu xüsusi rənglənmədən istifadə edəcəyini açıqlamayıb.
Bu əməkdaşlıq “Formula-1” komandalarının avtoidmanı populyar mədəniyyət və əyləncə sənayesi ilə birləşdirərək daha geniş auditoriyanın marağını cəlb etməyə çalışmasının növbəti nümunəsidir.
