Azərbaycan Qran-Prisinin qalibi “Formula-1”də Okonu əvəzləyəcək

15 Oktyabr 2026 20:14
128
Azərbaycan Qran-Prisinin qalibi “Formula-1”də Okonu əvəzləyəcək

“Formula-2” üzrə Azərbaycan Qran-Prisinin qalibi Rafael Kamara gələn mövsümdən “Formula-1”də mübarizə aparacaq.

İdman.Biz “Formula-1”in rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı braziliyalı pilot ABŞ-ın “Haas” komandası ilə çoxillik müqavilə imzalayıb. O, mövsümün sonunda komandadan ayrılacaq Esteban Okonu əvəzləyəcək.

“Ferrari” akademiyasının yetirməsi olan Kamara 2022-ci ildən etibarən biryerlik yarış avtomobilləri üzrə müxtəlif çempionatlarda çıxış edir. O, 2024-cü ildə “Formula Regional” Avropa çempionatının, 2025-ci ildə isə “Formula-3”ün qalibi olub.

Cari mövsümdə “Formula-2”də debüt edən braziliyalı pilot üç əsas yarışda qələbə qazanıb və daha dörd dəfə fəxri kürsüyə yüksəlib. Kamara hazırda şəxsi hesabda ən yaxın izləyicisi Nikola Tsolovu yeddi xal qabaqlayaraq liderlik edir.

Gənc pilot “Haas”a keçidini karyerasında mühüm addım adlandırıb:

“Formula-1” pilotu kimi “Haas”a qoşulduğum üçün çox xoşbəxtəm. Bu, karyeramda mühüm addımdır. Mənə göstərdikləri etimada görə Cin Haasa və Ayao Komatsuya təşəkkür edirəm. Həmçinin inkişafımda böyük rolu olan “Ferrari” akademiyasına minnətdaram. İndi əsas məqsədim yeni çağırışa mümkün qədər yaxşı hazırlaşmaqdır. Öyrənməli olduğum çox şey var və komanda ilə işləməyi səbirsizliklə gözləyirəm”.

“Haas”ın rəhbəri Ayao Komatsu da yeni pilotun potensialını yüksək qiymətləndirib. O, Kamaranın xüsusilə Monako və Monreal mərhələlərində nümayiş etdirdiyi sürəti, həmçinin avqustda Portimaoda keçirilən sınaqlardakı çıxışını vurğulayıb.

Qeyd edək ki, Rafael Kamara sentyabrda Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. O, 2027-ci ildə “Haas”ın heyətində çıxış edəcək, komandanın digər pilotu Oliver Bermanın isə yerini qoruyacağı gözlənilir.

İdman.Biz