“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Mercedes” komandasının pilotu Corc Rassell Las-Veqas Qran-prisində növbəti dəfə start cəriməsi almağı planlaşdırır.
İdman.Biz xəbər verir ki, britaniyalı sürücü bu barədə “Sky Sports” telekanalına açıqlamasında bildirib.
Rassellin bolidinə təkmilləşdirilmiş güc qurğusu komponentinin quraşdırılması nəzərdə tutulur. Mövsüm ərzində icazə verilən komponent limitinin aşılması isə onun start düzülüşündə geriləməsinə səbəb olacaq.
Əvvəlcə yeniliyin 23-25 oktyabrda keçiriləcək ABŞ Qran-prisində tətbiqi planlaşdırılıb. Lakin komanda bu addımı 20-22 noyabr tarixlərində baş tutacaq Las-Veqas mərhələsinə saxlamağa üstünlük verir.
“Yəqin ki, bu, mövsümün sonlarına doğru baş verəcək. Ola bilsin, Las-Veqasda. İndi seçim etmək imkanımız var və ötmələrin nisbətən asan olduğu traslara üstünlük verəcəyik”, - deyə Rassell bildirib.
Qeyd edək ki, britaniyalı pilot Malayziyada mühərrik nasazlığı səbəbindən yarışı başa çatdıra bilməyib. Bunun ardınca Sinqapur Qran-prisində güc qurğusunun dəyişdirilməsi ona start düzülüşünün sonundan yarışa başlamaq bahasına başa gəlib. Buna baxmayaraq, Rassell finişə doqquzuncu çatıb.
Hazırda “Mercedes”in əsas məqsədi boliddə aparılan yeniliklərin effektivliyini artırmaqdır. Komandanın Malayziya mərhələsinə gətirdiyi təkmilləşdirmələr gözlənilən nəticəni vermədiyindən Sinqapurda pilotlar fərqli texniki konfiqurasiyalı bolidlərlə yarışıb.
Çempionatın başa çatmasına altı mərhələ qalmış Rassell komanda yoldaşı Kimi Antonellidən 102 xal geri qalır.
