“Ferstappenlə mübarizədə qorxdu” - Leklerə sərt ittiham

13 Oktyabr 2026 11:44
76
“Ferstappenlə mübarizədə qorxdu” - Leklerə sərt ittiham

“Formula-1” üzrə dünya çempionatının sabiq pilotu Devid Kulthard “Ferrari” komandasının sürücüsü Şarl Lekleri Sinqapur Qran-prisində Maks Ferstappenlə mübarizədə kifayət qədər cəsarətli olmamaqda ittiham edib.

İdman.Biz xəbər verir ki, şotlandiyalı mütəxəssis monakolu pilotun yarışın startında liderliyi ələ keçirmək imkanını əldən verdiyini bildirib.

Lekler start siqnalından sonra Ferstappendən daha sürətli hərəkət edib və ilk döngəyə yaxınlaşarkən onunla bərabərləşməyə çalışıb. Lakin “Red Bull” sürücüsü daxili trayektoriyanı bağlayıb. Toqquşma riskini nəzərə alan Lekler ötmə cəhdindən imtina edib.

Yarışı F1TV üçün şərh edən Kulthard həmin epizodu belə qiymətləndirib:

“Colion Palmerlə bir-birimizə baxıb Ferstappenin mövqeyini necə qoruduğunu düşündük. Yəqin, Lekler də eyni şeyi fikirləşirdi. Startda bütün çətin işi gördü, amma sonda cəsarəti çatmadı”.

Yarışdan sonra Lekler də startda daha aqressiv davranmalı olduğunu etiraf edib:

“Yarışın əvvəlində kifayət qədər güclü idik, lakin sonradan təkərlərin aşınması artdı. Virtual təhlükəsizlik avtomobili zamanı Maksdan fərqli strategiya seçdik. Sona qədər inanırdım, lakin son hissənin əvvəlində çox güc sərf etdiyim üçün təkərlərim daha tez aşındı. Əlimdən gələni etdim və heç nəyə görə peşman deyiləm. Bəlkə də yalnız startda bir qədər aqressiv davranmalı idim”.

Yarışın gedişində Lekler komanda yoldaşı Lyuis Hemiltonla da mübarizə aparıb. Daha yaxşı vəziyyətdə olan təkərlərlə hərəkət edən britaniyalı pilot Lekleri keçə bilmədiyinə görə narazılığını bildirib.

Nəticədə Lekler ikinci yeri tutub. Virtual təhlükəsizlik avtomobili rejimində əlavə pit-stop edən monakolu sürücü mövqeyini qoruyub. İkinci pit-stopdan imtina edən Hemilton isə köhnəlmiş yumşaq təkərlərlə yarışı altıncı pillədə başa vurub.

Qeyd edək ki, Sinqapur Qran-prisinin qalibi Maks Ferstappen olub.

İdman.Biz