“Formula-1” üzrə dünya çempionatında mübarizə aparan “Audi” komandası Qətər Qran-prisi öncəsi bolidində texniki dəyişiklik edən yeganə komanda olub.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqladığı sənədə əsasən, çempionatda iştirak edən 11 komandadan yalnız “Audi” Qətərə yeniliklə gəlib.
Almaniya komandası R26 bolidinin ön əyləclərinin hava kanalındakı deflektoru yeniləyib. Dəyişiklik bolidin digər hissələrinə yönələn hava axınının keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.
Komanda Las-Veqas Qran-prisində isə arxa əyləclərin hava kanalındakı deflektoru yeniləyib.
Mövsümün son iki mərhələsi ərəfəsində digər komandaların texniki yeniliklərdən imtina etməsi büdcə məhdudiyyətləri və diqqətin növbəti mövsümün bolidlərinə yönəldilməsi ilə əlaqələndirilir.
Maraqlıdır ki, “Audi” cari mövsümdə ən genişmiqyaslı texniki yeniliklərini məhz Azərbaycan Qran-prisində tətbiq edib. Almaniya komandası Bakıya 14 yeni detal gətirib. Bolidin ön və arxa qanadları, alt hissəsi, mühərrik örtüyü və arxa asqı sistemi yenilənib.
Bakıda tətbiq edilən dəyişikliklərin miqyası, demək olar ki, bolidin alternativ versiyasının yaradılmasına bərabər olub.
Qeyd edək ki, mövsümün son iki mərhələsi öncəsi “Audi” Konstruktorlar Kubokunda 28 xalla səkkizinci pillədə qərarlaşıb. Almaniya komandası yeddinci sıradakı “Haas”dan üç xal geri qalır.
