“Red Bull” komandasının “Formula-1” pilotu İsak Hacar Sinqapur Qran-prisindən sonra Azərbaycan Qran-prisi ilə bağlı diqqətçəkən müqayisə aparıb.
İdman.Biz xəbər verir ki, fransalı pilot “Formula-1”in rəsmi saytına açıqlamasında Bakıdakı yarışda olduğu kimi, Sinqapurda da yumşaq təkərlərin orta sərtlikli təkərlərdən daha yaxşı nəticə verdiyini bildirib.
“Bu axşam maraqlı yarış oldu. Arxa sıralardan irəliləmək və rəqibləri ötmək həmişə xoşdur. Əlbəttə, xal qazanmaq istəyirdim, amma ötmələrin çətin olduğu bu trasda buna nail olacağıma tam əmin deyildim. Maşınımız əvvəldən yüksək sürət nümayiş etdirdi. Xüsusilə qarşımda boş sahə yarananda tədricən irəliləyə bildim. Vəziyyət Bakıya bənzəyirdi. Orada da yumşaq təkərlər orta sərtlikli təkərlərdən xeyli yaxşı idi. Buna görə yarışın ikinci hissəsində yumşaq təkərlərə keçmək mənə çox kömək etdi”, - deyə Hacar bildirib.
Fransalı sürücü komandası üçün bir xal qazanmağın böyük zəhmət tələb etdiyini də vurğulayıb.
Hacar avtomobilinin sazlanmasında edilən dəyişikliklərə görə Sinqapur Qran-prisinə pit-leyndən başlayıb. Buna baxmayaraq, o, yarışın sonlarında Pyer Qaslini geridə qoyaraq finişə onuncu çatıb və bir xal qazanıb.
Sinqapur Qran-prisinin qalibi isə “Red Bull”un digər pilotu Maks Ferstappen olub.
“Qeyd edək ki, İsak Hacar sentyabrın 26-da keçirilən Azərbaycan Qran-prisində üçüncü yeri tutaraq fəxri kürsüyə yüksəlib”.
