“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappen Sinqapur Qran-prisinin sprint sıralanma mərhələsində baş verən insidentə görə cəzalandırılmayıb.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Red Bull” pilotunun hərəkətlərində qayda pozuntusu aşkarlamayıb. Beləliklə, niderlandlı sürücü sprint yarışı üçün qazandığı poul-pozisiyanı qoruyub.
Hadisə sıralanma mərhələsinin ilk seqmentində “Cadillac” pilotu Serxio Peresin qəzasından sonra baş verib. Trasda əvvəlcə sarı, daha sonra qoşa sarı bayraqlar göstərilərkən Ferstappen “Ferrari” pilotu Luis Hamiltonu ötüb.
İnsidentdən sonra hər iki pilot stüardların yanına çağırılıb. Ferstappen manevri təhlükəsizlik məqsədilə etdiyini açıqlayıb.
FIA-nın qərarında qeyd olunub ki, niderlandlı pilot sarı bayraqlara düzgün reaksiya verərək sürətini azaldıb. Stüardlar onun hərəkətinin trasda təhlükəli vəziyyətin qarşısını almağa yönəldiyini müəyyən ediblər.
Qeyd edək ki, Ferstappen sprint sıralanma mərhələsində 1 dəqiqə 31,156 saniyə nəticə ilə birinci olub. Corc Rassel ikinci, Şarl Lekler isə üçüncü yeri tutub.
