“Ferrari” komandasının britaniyalı pilotu, “Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemiltonun argentinalı futbol ulduzu Lionel Messi ilə görüşmək istədiyi məlum olub.
İdman.Biz xəbər verir ki, bu barədə argentinalı jurnalist Qaston Edul “Ferrari”nin qarajına səfəri zamanı baş verən maraqlı hadisəni danışarkən bildirib.
“Mən ‘Ferrari’nin qarajında idim. Komandanın əməkdaşları Lyuis Hemiltona kim olduğumu izah etdilər və ona Leo Messi ilə birlikdə çəkdirdiyim şəkilləri göstərdilər. Hemilton bildirdi ki, Messi ilə görüşməyi çox istəyir. Çünki indiyədək onunla şəxsən tanış olmaq imkanı olmayıb”, - deyə jurnalist qeyd edib.
Xatırladaq ki, Lionel Messi səkkiz dəfə “Qızıl top” mükafatını qazanaraq bu göstəricidə rekordçudur. Hemilton isə “Formula-1” üzrə yeddiqat dünya çempionudur və karyerası ərzində 106 Qran-Pridə qələbə qazanıb.
