“Qarabağ” Azərbaycan çempionatındakı 1000-ci oyununda “İmişli”ni məğlub edib – YENİLƏNİB + VİDEO

11 Oktyabr 2026 17:53
1 133
“Qarabağ” Azərbaycan çempionatındakı 1000-ci oyununda “İmişli”ni məğlub edib – YENİLƏNİB + VİDEO

Futbol üzrə Misli Premyer Liqasının yeddinci turunda “Qarabağ” səfərdə “İmişli” ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qol vurulmayıb. Hesabı 59-cu dəqiqədə Aleksey Kaşuk açıb. 81-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Zakaria Savo debüt matçında fərqlənsə də, VAR ofsayd səbəbindən qolu ləğv edib. 88-ci dəqiqədə Jali Muaddib yekun hesabı müəyyənləşdirib.

Muaddibin vurduğu top “Qarabağ”ın Premyer Liqadakı 1100-cü qolu olub. Bu görüş isə Ağdam klubunun Azərbaycan çempionatları tarixində 1000-ci oyunu kimi yadda qalıb.

“Qarabağ” “İmişli” ilə indiyədək keçirdiyi dörd rəsmi matçın hamısında qalib gəlib, səkkiz qol vurub və qapısından top buraxmayıb.

Bu nəticədən sonra “Qarabağ” xallarının sayını 16-ya çatdırıb və bu göstəricidə lider “Neftçi” və ikinci pillədəki “Sabah”la bərabərləşib. Qurban Qurbanovun komandası rəqiblərindən bir oyun az keçirib. “İmişli” dörd xalla doqquzuncu yerdədir.

Növbəti turda “Qarabağ” oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Neftçi”ni qəbul edəcək. “İmişli” isə oktyabrın 18-də səfərdə “Turan Tovuz”la qarşılaşacaq.

17:47

Jali Muaddib 88-ci dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurur - 0:2.

17:40

81-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Zakaria Savo debüt matçında komandasının ikinci qolunu vursa da, VAR ofsayd səbəbi ilə qolu ləğv edir.

17:19

59-cu dəqiqədə Aleksey Kaşuk "Qarabağ"ı hesabda önə çıxarır - 0:1.

17:04

İdman.Biz xəbər verir ki, “İmişli” - “Qarabağ” oyununda ikinci hissə başladı.

İlk hissədə hesab açılmayıb.

16:49

Misli Premyer Liqasının yeddinci turu çərçivəsində qarşılaşan “İmişli” - “Qarabağ” oyununda ilk hissə başa çatıb.

İdman.Biz xəbər verir ki, 45 dəqiqə ərzində qapılara top vurulmayıb.

15:58

Misli Premyer Liqasının yeddinci turu çərçivəsində keçirilən “İmişli” - “Qarabağ” oyunu başladı.

Qeyd edək ki, bu oyun “Qarabağ”ın Azərbaycan çempionatları tarixində 1000-ci qarşılaşmasıdır.

15:35

“İmişli” Misli Premyer Liqasının yeddinci turu çərçivəsində Yevlax şəhər stadionunda “Qarabağ”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 16:00-da start götürəcək matçda meydana aşağıdakı həyətlərdə çıxacaqlar:

“İmişli”: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vieqaş, 21. Ronaldo de Souza, 6. Yau Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko

Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 42. Sebai Senin

Baş məşqçi: Fərid Namazov

“Qarabağ”: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Joni Montiel, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 29. Renaldo Sefas, 9. Zakaria Savo, 11. Reda Xadra, 88. Samuel Lobato

Baş məşqçi: Qurban Qurbanov

09:31

Misli Premyer Liqasının yeddinci turunda “İmişli” və “Qarabağ” futbol komandaları qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, oktyabrın 11-də keçiriləcək görüş Yevlax şəhər stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Görüşü Elvin Bayramovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Pərvin Talıbov və Eyyub İbrahimov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək. VAR-da Vüqar Həsənli, AVAR-da isə Teymur Teymurov çalışacaq. Qarşılaşmanın hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.

Komandaların indiyədək keçirdiyi üç rəsmi qarşılaşmanın hamısında “Qarabağ” qələbə qazanıb. Ağdam təmsilçisi bu görüşlərdə rəqib qapısından altı top keçirib və öz qapısında qol görməyib.

Tərəflər ilk dəfə 31 oktyabr 2025-ci ildə qarşılaşıblar. Həmin görüşdə “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib. 14 fevral 2026-cı ildə keçirilən ikinci matçda Ağdam klubu minimal hesablı qələbə qazanıb - 1:0. Sonuncu qarşılaşma isə 16 may 2026-cı ildə baş tutub və “Qarabağ”ın 3:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Beləliklə, “İmişli” dördüncü qarşılaşmada həm “Qarabağ”a qarşı ilk qolunu vurmağa, həm də ilk xalını qazanmağa çalışacaq. Ağdam təmsilçisi isə rəqibi üzərində qələbə seriyasını davam etdirmək imkanı əldə edəcək.

İdman.Biz