Azərbaycan Qran-prisi “Red Bull” və Ferstappen üçün dönüş nöqtəsi olub

15 Oktyabr 2026 17:39
114
Azərbaycan Qran-prisi “Red Bull” və Ferstappen üçün dönüş nöqtəsi olub

2026-cı il “Formula-1” üzrə Azərbaycan Qran-prisi “Red Bull” komandası üçün dönüş nöqtəsi olub. Bakı mərhələsindən sonra komanda mövsümün son yarışlarında ciddi irəliləyiş əldə edərək əsas favoritlərdən birinə çevrilib.

İdman.Biz İspaniyanın "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Avstriya təmsilçisi məhz Bakı mərhələsində mövsümün sonuncu böyük texniki yeniliklər paketini təqdim edib. Aerodinamikaya aid beş yeniliyi əhatə edən bu paketin effektivliyi çempionatın ilk yarısında ciddi problemlərlə üzləşən komandanın gözləntilərini belə üstələyib.

Əsas dəyişiklik bolidin döşəməsinin yeni konstruksiyası olub. Bu yenilik yerəbasma qüvvəsini artırmağa və aerodinamik sabitliyi yaxşılaşdırmağa imkan verib. Həmçinin yan pontonlarda və arxa görüntü güzgülərində də təkmilləşdirmələr aparılıb.

Maks Ferstappen Bakıda artıq nəzərəçarpacaq irəliləyiş nümayiş etdirib. Sıralanma turunda mühərriklə bağlı problemlər yaşamasına baxmayaraq, niderlandlı pilot səkkizinci yerdən ikinci pilləyə yüksəlib. O, finiş xəttini qalibdən cəmi 0,2 saniyə geridə keçib.

Daha sonra Ferstappen Malayziya və Sinqapur Qran-prilərində qalib gəlib. Sinqapur mərhələsində isə “Red Bull” pilotu həm sprint yarışında, həm də əsas yarışda birinci olub və hər iki yarışda poul mövqeyini qazanıb.

Dördqat dünya çempionu özü də bolidin məhz Azərbaycan Qran-prisindən sonra əhəmiyyətli dərəcədə yaxşılaşdığını etiraf edib.

“Düşünürəm ki, Bakıdan etibarən bolid özünü daha yaxşı aparmağa başladı. Balans xeyli yaxşılaşdı. İlin əvvəlində bolidi idarə etmək bəzən hətta bir qədər qorxulu olurdu. İndi isə pilotajdan daha çox zövq alıram”, – deyə Ferstappen Sinqapur Qran-prisindən sonra bildirib.

İspaniya nəşrinin qiymətləndirməsinə görə, “Red Bull”un irəliləyişi 2027-ci il mövsümü ərəfəsində xüsusi əhəmiyyət daşıyır. Hazırkı yeniliklər Ferstappenin 2026-cı ildə çempionluq uğrunda mübarizə aparması üçün gec tətbiq edilsə də, növbəti mövsümə hazırlıq baxımından möhkəm texniki təməl yaradıb.

Beləliklə, Bakı mərhələsi “Red Bull”un yenidən yüksəlişinin başlanğıc nöqtəsi olub. Komanda qısa müddətdə bolidin problemlərini aradan qaldırmaq uğrunda mübarizədən aparıcı rəqibləri üzərində qələbələrə doğru irəliləyib.

İdman.Biz