Azərbaycanlı pilot Davin Cəfərov “Formula-4” yarışlarında Slovakiyada yerləşən məşhur “Slovakia Ring” trasında növbəti testlərini uğurla başa vurub.
İdman.Biz xəbər verir ki, iki gün davam edən testlərin əsas məqsədi Davinin sürücülük bacarıqlarını, texniki hazırlığını və potensialını qiymətləndirmək, həmçinin potensial sponsorlara təqdim olunacaq rəsmi texniki hesabatı hazırlamaq olub.
Bu, Davinin “Formula-4” bolidi ilə ikinci test təcrübəsi idi. İlk testlər Portuqaliyanın Portimao trasında güclü yağış şəraitində keçirilmişdi.
Beləliklə, “Slovakia Ring” onun “Formula-4” bolidini quru trasda idarə etdiyi ilk sınaq olub. Uzunluğu 5,935 kilometr olan bu trek Avropanın ən uzun daimi yarış traslarından biridir.
Testlərin ən diqqətəlayiq göstəricisi Davinin 2:04.282 saniyəlik ideal dövrə nəticəsi olub. Davin bu göstərici ilə “Slovakia Ring”də ilk beşlik uğrunda mübarizə aparan təcrübəli pilotun təsnifat nəticəsindən cəmi 0,75 saniyə geri qalıb.
Komandanın texniki hesabatına əsasən, Davin ilk sessiyalardan etibarən bolidə sürətlə uyğunlaşıb, yüksək idarəetmə qabiliyyəti və təbii sürət potensialı nümayiş etdirib.
Onun mühəndislərlə texniki müzakirələrdə verdiyi rəylər və müşahidələr telemetriya məlumatları ilə uyğunluq təşkil edib. Xüsusilə arxa qanadın sazlanmasından sonra bolidin davranışındakı dəyişiklikləri düzgün qiymətləndirməsi mühəndislər tərəfindən müsbət qarşılanıb.
Testlər ərzində iki dəst yeni və dörd dəst istifadə olunmuş yarış təkərindən istifadə edilib. “Formula-4”ə yeni başlayan pilotlar üçün yeni təkərlərin üstünlüklərindən maksimum yararlanmaq adətən çətin olsa da, Davin təcrübəsinin az olmasına baxmayaraq, bu istiqamətdə yüksək performans göstərib.
Komandanın qiymətləndirməsinə görə, Davinin əsas üstünlükləri təbii sürət hissi, bolid üzərində dəqiq nəzarət, sürətli öyrənmə qabiliyyəti və peşəkar yanaşmasıdır.
Komandanın yekun rəyinə əsasən, “Slovakia Ring” testləri Davin Cəfərovun Formula-4-də gələcək inkişafı üçün olduqca ümidverici nəticələr ortaya qoyub.
Davin inanır ki, çox yaxın zamanda ona sponsorlar dəstək olacaq və o karyerasını uğurla, “Formula-1”ə səviyyəsinə yüksəlməklə davam etdirəcək.
