“Formula-1” yarışlarında iştirak edən pilotların yüksək sürətli bolidləri idarə etməsi xüsusi fiziki hazırlıq, sürətli reaksiya və böyük dözümlülük tələb edir.
İdman.Biz xəbər verir ki, “Formula-1” pilotlarının reaksiya müddəti təxminən 200 millisaniyə təşkil edir.
Ən diqqətçəkən göstəricilərdən biri isə 2019-cu ildə Valtteri Bottasın qeydə aldığı 40 millisaniyəlik reaksiyadır.
Bolidlərin idarə olunmasında əsas çətinliklərdən biri əyləc sistemidir. Əyləc pedalını maksimum güclə basmaq üçün təxminən 100 kiloqramlıq qüvvə tətbiq etmək tələb olunur.
Yüksək sürətlə hərəkət edən bolidin əyləclənməsi zamanı pilotlar güclü fiziki yüklənməyə məruz qalırlar. Bu təsir bəzən iki mərtəbəli binadan tullanarkən yaranan yüklənmə ilə müqayisə edilir.
Digər ciddi çətinlik yüksək temperaturdur. Yarış zamanı bolidin kokpitində temperatur 60 dərəcəyə qədər yüksələ bilər. Pilotlar belə şəraitdə uzun müddət diqqətlərini cəmləşdirməli və dəqiq qərarlar verməlidirlər.
Bu cür fiziki və psixoloji yüklənməyə hazırlaşmaq üçün “Formula-1” pilotlarının həftədə 35 saata qədər məşq etdikləri bildirilir.
Bütün bunlar “Formula-1” bolidini idarə etməyin yalnız sürücülük bacarığından ibarət olmadığını, həm də yüksək səviyyəli fiziki hazırlıq və dözümlülük tələb etdiyini göstərir.
