Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında səkkizinci tura yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun son oyununda “Kəpəz” və “Zirə” komandaları üz-üzə gələcəklər. Gəncə şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.
Görüşün baş hakimi Emin Əliyev olacaq. Ona Cəmil Quliyev və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ruslan Quliyev yerinə yetirəcək. VAR hakimi Rauf Cabarov, AVAR hakimi isə Kərim Zeynalov olacaq.
Qarşılaşmanın hakim-inspektoru Əmrah İbrahimov, AFFA nümayəndəsi isə Kifayət Mustafayeva olacaq.
Komandalar indiyədək Premyer Liqada 27 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 15-də “Zirə”, üçündə isə “Kəpəz” qələbə qazanıb. Doqquz qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların fərqində də paytaxt təmsilçisi üstündür - 45:19.
Gəncə klubu “Zirə” ilə son 19 oyunda qələbə qazana bilməyib. “Kəpəz” rəqibi üzərində sonuncu qələbəsini 13 mart 2017-ci ildə əldə edib. Həmin vaxt doğma meydanda keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb.
“Zirə” isə rəqibi ilə son doqquz görüşün hamısında fərqlənməyi bacarıb. Paytaxt klubu bu müddətdə yeddi qələbə qazanıb, iki dəfə heç-heçə edib.
Komandaların sonuncu qarşılaşması 9 mart 2026-cı ildə baş tutub və 2:2 hesabı ilə yekunlaşıb.
