“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen Zandvort trasında keçiriləcək son “Formula-1” Niderland Qran-prisi öncəsi fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, dördqat dünya çempionu doğma azarkeşləri qarşısında keçiriləcək yarışın xüsusi əhəmiyyət daşımasına baxmayaraq, bunun ona əlavə motivasiya vermədiyini bildirib.
“Məndə heç vaxt əlavə motivasiya olmur. Əks halda, bu, digər yarışlarda kifayət qədər motivasiyalı olmadığım anlamına gələrdi. Mən hər zaman işimi yaxşı görmək istəyirəm. Burada sürməyi sevirəm. İllər ərzində inanılmaz dəstək və yaxşı nəticələr əldə etmişəm. Sadəcə həftəsonunu səbirsizliklə gözləyir və bundan həzz almaq istəyirəm”, - Ferstappen deyib.
Zandvort 2021-ci ildə “Formula-1” təqviminə qayıtdıqdan sonra burada keçirilən ilk üç yarışı Ferstappen qazanıb. Niderlandlı pilot 2024 və 2025-ci illərdə isə ikinci yeri tutub. Beləliklə, onun bu trasdakı orta finiş göstəricisi 1,4 təşkil edir.
2026-cı il Niderland Qran-prisi Zandvort üçün yaxın perspektivdə son “Formula-1” yarışı olacaq. Yarış həftəsonu 21-23 avqust tarixlərində keçiriləcək və ilk dəfə Sprint formatını da əhatə edəcək.
Ferstappen isə trasın “Formula-1” təqvimindən çıxmasının onun Zandvortla münasibətinə təsir etməyəcəyini vurğulayıb.
“Tras yenə də yerində qalacaq. Mən orada sürmək istəsəm, bunu edə bilərəm. Bəlkə artıq “Formula-1” çərçivəsində olmayacaq, amma mən “Formula-1”dən sonra da ora gələcəyəm”, – deyə niderlandlı pilot əlavə edib.
Niderland Qran-prisinin əsas yarışı avqustun 23-də keçiriləcək.
