“Formula-1”in yeni iştirakçısı “Audi” Mayami Qran-prisi ərəfəsində rəhbərlikdə sarsıdıcı islahatlara hazırlaşır. Komandanın rəhbəri Mattia Binottonun təkbaşına idarəetmədə çətinlik çəkməsi və əlavə dəstək tələb etməsi “dördrəngli”ləri təcili addım atmağa vadar edib.
İdman.Biz xəbər verir ki, martın sonunda Conatan Uitlinin gözlənilməz gedişindən sonra yaranan boşluğu dolduracaq şəxs müəyyənləşib. Bu, “Audi”nin yarış əfsanəsi, üçqat “Le-Man” qalibi Allan Maknişdir. Şotlandiyalı mütəxəssisin daxili təyinatla yarış direktoru vəzifəsinə gətirilməsi rəhbərlikdəki qeyri-müəyyənliyə son qoymaq məqsədi daşıyır.
Makniş təkcə yarış strategiyasına deyil, həm də komandanın media fəaliyyətinə və həftəsonu əməliyyatlarına cavabdeh olacaq. Andreas Zaydl və Uitli kimi adların qısa müddətdə ayrılmasından sonra Allan Maknişin təyinatı Binotto üçün ən etibarlı “xilas kəməri” hesab olunur. Hazırda iki xalla Konstruktorlar kubokunda səkkizinci pillədə olan komanda bu təyinatla 2026-cı il reqlamentinə tam uyğunlaşmağı hədəfləyir.
