“Formula-1” dünyasında Maks Verstappenin mümkün gedişi ilə bağlı müzakirələr səngimək bilmir. “McLaren”in istedadlı pilotu Oskar Piastri niderlandlı həmkarının idmandan ayrılacağı təqdirdə bunun çempionat üçün ağır nəticələr doğuracağını bildirib.
İdman.Biz xəbər verir ki, dördqat dünya çempionu olan Ferstappen daxili yanma və elektrik enerjisinin 50/50 nisbətində bölündüyü yeni “RB22” bolidindən narazılığını dəfələrlə ifadə edib. O, yeni reqlamentin idmanın ruhuna uyğun olmadığını əsas gətirərək, karyerasını gözləniləndən daha tez, hətta bu mövsümün sonunda bitirə biləcəyinə işarə vurub.
Uokinqdəki “McLaren” Texnologiya Mərkəzində çıxış edən Piastri bu ssenarinin idman üçün böyük itki olacağını vurğulayıb:
“Əgər bu baş verərsə, çox təəssüf olar. Maksın karyerasının bu mərhələsində itirilməsi bütünlükdə “Formula-1” üçün utancverici bir hal olar. Biz sürücülər hər zaman ən yaxşılarla yarışmaq və özümüzü onlara qarşı sübut etmək istəyirik. Maks son illərdə hamı üçün bir etalondur”.
Piastri həmçinin qeyd edib ki, hazırda “Red Bull” ən rəqabətədavamlı avtomobil kimi görünməsə də, qaydalar üzərində hələ çox iş gedir. Lakin çempionatın ən böyük ulduzlarından birinin reqlament narazılığına görə ayrılmasını “heç də yaxşı olmayan mənzərə” kimi xarakterizə edib.
