BYD “Formula-1” yarışlarına qatılır

26 Aprel 2026 14:55
382
BYD “Formula-1” yarışlarına qatılır

Çinin nəhəng elektrikli avtomobil istehsalçısı BYD-nin vitse-prezidenti Stella Li “Formula-1”in rəhbəri Stefano Domenikali ilə danışıqların aparıldığını təsdiqləyib. Qlobal bazarda “Tesla”nı geridə qoyaraq elektrikli avtomobillərin ən böyük satıcısına çevrilən Çin brendi artıq kral yarışlarında təmsil olunmağı hədəfləyir.

İdman.Biz xəbər verir ki, BYD əvvəllər “Formula-E” ilə yaxın təmasda olsa da, hazırda diqqətini daha çox “Formula-1”ə yönəldib. FIA prezidenti Məhəmməd Ben Sulayem də bir müddət əvvəl çempionata on ikinci komandanın, xüsusilə də Çin şirkətinin qoşulmasını müsbət qarşılayacağını bildirmişdi.

Pekində keçirilən avtomobil sərgisində danışan Stella Li Şanxayda Stefano Domenikali ilə görüşdüklərini qeyd edib:

“Biz Stefano ilə səmimi münasibət saxlayırıq və müntəzəm əlaqədəyik. “Formula-1”i sevirəm, çünki bu yarış ehtiras və mədəniyyətdən ibarətdir, insanlar orada yarışmağın xəyalını qururlar”.

BYD-nin gələcəkdə yarışlarda iştirak ehtimalı barədə suala Stella Li qətiyyətlə cavab verib: “Bəli, biz bu barədə danışıqlar aparırıq. Bu, texnologiyamızı sınaqdan keçirmək üçün real imkandır”.

Hələlik Çin nəhənginin yarışa yeni komanda kimi qoşulacağı, yoxsa mövcud kollektivlərdən biri ilə əməkdaşlıq edəcəyi məlum deyil.

İdman.Biz