“Formula-1” üzrə “Mersedes” komandasının rəhbəri Toto Volf pilotları Kimi Antonelli və Corc Rassell arasında titul mübarizəsində komanda əmrlərindən istifadə etmək istəmədiyini bildirib.
İdman.Biz xəbər verir ki, Kimi Antonelli pilotlar sıralamasında komanda yoldaşı Corc Rasselli 43 xal qabaqlayır. İtaliyalı sürücü Monako mərhələsi ərəfəsində ardıcıl dörd yarışda qələbə qazanıb.
Son olaraq Kanadada iki “Mersedes” pilotu əvvəlcə sprint yarışında gərgin mübarizə aparıb, daha sonra qran-pridə liderlik uğrunda yenidən üz-üzə gəliblər. Komanda həmin anda müdaxilə etməyib. Lakin Rassellin güc qurğusunda problem yaranması səbəbindən mübarizə yarımçıq qalıb.
Volf bildirib ki, oxşar vəziyyət təkrarlansa belə, mümkün qədər komanda əmrlərindən istifadə etmək istəmir:
“Komanda əmrlərindən mümkün qədər uzun müddət imtina edəcəyik. Mümkünsə, ümumiyyətlə, istifadə etməyəcəyik. Buna ehtiyacımız olduğunu düşünmürük və pilotların yarışmasına imkan veririk. Onlar sərhədin harada olduğunu bilirlər. Kanadada demək olar ki, bu sərhədi keçirdilər, amma bunu müzakirədə aydınlaşdırdıq”.
Həm Antonelli, həm də Rassell “Mersedes”in gənc pilotlar proqramının yetirmələridir. Toto Volf komandanın maraqlarının hər şeydən üstün olduğunu vurğulayıb:
“Kimi və Corc “Mersedes”ə nə borclu olduqlarını bilirlər. Əlbəttə, pilotlar konstruktorlar çempionluğundansa, sürücülər arasında dünya çempionluğunu qazanmağa üstünlük verirlər. Amma komanda birinci yerdədir”.
