“Uilyams”ın 20 saniyəlik itkisi: “Bikini əməliyyatı” komandanı xilas edəcəkmi?

18 Mart 2026 14:21
70
“Uilyams”ın 20 saniyəlik itkisi: “Bikini əməliyyatı” komandanı xilas edəcəkmi?

“Uilyams” komandası 2026-cı il mövsümünə böyük ümidlərlə başlasa da, yeni FW48 bolidinin çəki problemi mühəndislər üçün əsl baş ağrısına çevrilib. Son məlumatlara görə, Britaniya təmsilçisinin maşını müəyyən edilmiş 768 kq-lıq minimum limitdən təxminən 20-25 kq daha ağırdır ki, bu da hər dövrədə 0.6 saniyədən çox vaxt itkisi deməkdir.

İdman.Biz xəbər verir ki, komandanın rəhbəri Ceyms Vouls çəki probleminin texniki həll yollarının artıq hazır olduğunu bildirib. Lakin “Formula-1”də tətbiq olunan büdcə məhdudiyyəti (cost cap) bu yeniliklərin dərhal tətbiqinə mane olur. Vouls qeyd edib ki, əgər maliyyə limitləri olmasaydı, o, bütün yeni hissələri sabahdan etibarən maşına quraşdırardı.

Hazırda fabrikdə “Bikini əməliyyatı” (Bu termin yay gəlmədən əvvəl sürətli çəki atmağı hədəfləyən proqramlara işarə edən bir zarafatdır – red.) adlandırılan proqram çərçivəsində bolidin çəkisini mərhələli şəkildə azaltmaq planlaşdırılır. Komanda Mayami Qran-prisinə qədər ön qanad və asqı sistemində ediləcək dəyişikliklərlə bir neçə kiloqramdan azad olmağı hədəfləyir. Aleks Albonun sözlərinə görə, problem təkcə kütlədə deyil, həm də ağırlıq mərkəzinin yuxarıda olmasındadır ki, bu da idarəetməni çətinləşdirir.

Qeyd edək ki, təkcə “Uilyams” deyil, “Mercedes” və “Ferrari” kimi komandalar da mövsümün startında limiti 2-4 kq üstələyiblər. Lakin “Uilyams”ın vəziyyəti daha kritik hesab olunur. Komanda Mayamidə təqdim olunacaq yeniliklər paketi ilə orta sıralardakı mövqeyini bərpa etməyə çalışacaq.

İdman.Biz