Dördqat dünya çempionu Maks Ferstappen Çin Qran-prisindən sonra “Formula-1”in yeni reqlamenti barədə sərt fikirlər səsləndirib. “Red Bull”un niderlandlı sürücüsü hazırkı yarışların pilotlara zövq vermədiyini bildirib.
İdman.Biz TRF1 portalına istinadla xəbər verir ki, Ferstappen müasir dövrün yarışlarını keyfiyyətsiz adlandırıb.
“Müasir “Formula-1” bərbaddır. Əgər bu kiminsə xoşuna gəlirsə, deməli, həmin şəxsin “Formula-1”in nə olduğu barədə təsəvvürü yoxdur. Hazırda bolid idarə etmək heç bir zövq vermir. Elə bil “Mario Kart” oynayırsan. Bu, yarış deyil. Düz yolda rəqibi ötürsən, sonra batareyan bitir və növbəti düzlükdə o səni keçir. Məncə, bu, sadəcə bir zarafatdır”, - deyə pilot vurğulayıb.
O, çempionatdakı rəqabətsizlikdən də narazılığını ifadə edib:
“İntriqa? Əslində, yalnız Kimi Antonelli və ya Corc Rassell qalib gəlir, elə deyilmi? Real mübarizə yoxdur. Onlar digərlərindən millərlə öndədirlər. Yalnız “Ferrari” yaxşı start götürüb önə çıxır, bir neçə dövrədən sonra hər şey yenidən öz yerinə qayıdır. Mən qalib gəlsəydim belə, bunları deyərdim. Çünki mənim üçün keyfiyyətli mübarizə vacibdir”.
