“Zirə”nin vitse-çempionluğu, illərin gümüş savaşı – TARİXƏ BAXIŞ

Təhlil
3 May 2025 13:03
331
“Zirə”nin vitse-çempionluğu, illərin gümüş savaşı – TARİXƏ BAXIŞ

Misli Premyer Liqasının gümüş medalını təmin edən “Zirə” tarixində 3-cü dəfə bu mükafata sahib çıxıb.

İdman.biz xəbər verir ki, Bakı klubu 2015/16 və 2023/24 mövsümlərini də 2-ci pillədə başa vurub.

Üçüncü üçqat vitse-çempion

Hesabında üç ikincilik olan qəsəbə təmsilçisi gümüş medalların sayında “Xəzər Lənkəran” və “İnter”ə (indiki “Şamaxı”) çatıb. Lənkəran təmsilçisi 2004/05, 2010/11 və 2011/12 illərdə vitse-çempion olub. Bakı klubu isə 2009/10, 2013/14 və 2014/15 mövsümlərinin gümüşünə sahib çıxıb.

Biri tək, ikisi ardıcıl

Maraqlıdır ki, üç dəfə 2-ci yeri tutan komandaların hamısında eyni mənzərə müşahidə olunub. Hər üç komanda ikinci və üçüncü gümüşləri ardıcıl mövsümlərdə əldə edib. “İnter” ilk gümüşdən sonra növbəti eyni əyarlı medalı 4 il gözləyib. Cənublular 6 ildən sonra gümüş seriyasına başlayıb. “Zirə”yə daha çox – 8 il lazım gəlib.

“Zirə” və “Xəzər Lənkəran” ikincidirsə...

Daha bir diqqət çəkən məqam isə “Xəzər Lənkəran”la “Zirə”ni birləşdirir. Cənublular gümüş qazandığı bütün illərdə çempionluq “Neftçi”nin olub. “Qartallar” isə ikinci olanda “Qarabağ”dan geri qalıb.

“Neftçi”nin gümüş rekordu

Ümumiyyətlə isə vitse-çempionluq 15 komandaya nəsib olub. Gümüş sayında bu “üçlük” yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır. “Ağ-qaralar” 5, ağdamlılar 4 dəfə vitse-çempion adını qazanıb. Bu 5 klubdan başqa “Şəmkir”, “Qəbələ”, Sumqayıt “Xəzər”i və “Bakı” 2, “Kəpəz”, “Turan”, “Xəzri”, “Karvan”, AZAL və “Sabah” 1 dəfə ikinci yerlə kifayətlənib.

Altı gümüşü seriya

“Zirə”nin də “Xəzər Lənkəran” və “İnter” kimi gümüş seriyaya malik olduğunu qeyd etdik. Amma bunu bacaran digər klublar da olub. Daha üç klub ardıcıl vitse-çempion adını qazanıb. İlk belə hadisə 1992 və 1993-cü illərə təsadüf edib. Həmin vaxt Sumqayıt “Xəzər”i ardıcıl iki dəfə ikinci olub. “Qəbələ” 2016/17 və 2017/18, “Neftçi” 2018/19 və 2019/20 mövsümlərində gümüşləri sıralayıb.

Dəyişməz cütlük

Daha bir məqam diqqət çəkir ki, gümüş mükafatçı dəyişməz qalanda çempion da adətən eyni komanda olur.

Yalnız Sumqayıt “Xəzər”inin iki dəfə vitse-çempion olduğu illərdə qızılın sahibləri fərqli olub – öncə “Neftçi”, sonra “Qarabağ”. Digər 5 halda isə 1-ci və 2-ci yerlərin sahibləri dəyişməz qalıb. 2010/11 və 2011/12 mövsümlərində “Neftçi” ilə “Xəzər Lənkəran” zirvədəki ilk iki yeri heç kimə bağışlamayıb. Sonrakı 4 oxşar seriyanın hamısında çempionluq “Qarabağ”ın olub. “İnter” 2013/14 və 2014/15, “Qəbələ” 2016/17 və 2017/18, “Neftçi” 2018/19 və 2019/20, “Zirə” 2023/24 və 2024/25 mövsümlərində çempionun ən yaxın izləyici mövqeyində iki il duruş gətirib.

Tarix təkrarlanmayacaq

Premyer Liqanın tarixində unikal bir hadisə də yaşanıb. 2013/14 və 2014/15 mövsümlərində nəinki qızılla gümüş, hətta bürünc də sahibini dəyişməyib. “Qarabağ” iki qızıl, “İnter” gümüş, “Qəbələ” bürüncləri sıralayıb. Həmin tarix bu il təkrarlanmayacaq. Çünki ötən mövsümün bürünc mükafatçısı “Sabah” artıq 3-cü yerdən əlini rəsmən üzüb.

Qeyd edək ki, “Zirə” XXXIII turda “Turan Tovuz” üzərindəki 1:0 hesablı qələbə ilə xallarını 67-yə çatdırıb və vitse-çempionluğu təmin edib.

Vüqar Xeyrullayev
İdman.biz