Ayxan Abbasov: "Ən aşağı büdcə ilə Premyer Liqada çıxış edirik"

Xəbərlər
20 Aprel 2025 19:30
202
Ayxan Abbasov: "Ən aşağı büdcə ilə Premyer Liqada çıxış edirik"

“Oyun stresli, maraqlı başladı. Evdə oynayırdıq. Qələbə qazanmaq istəyirdik. Azarkeşlərimiz də sağ olsun, yaxşı dəstək oldular. Həqiqətən, möhtəşəm atmosfer var idi. Futbolçularımı təbrik edirəm. Çətin oyun keçdi”.

İdman.biz xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov bu gün Misli Premyer Liqasının 31-ci turunda “Kəpəz” üzərindəki qələbədən sonra mətbuat konfransında (2:1) deyib.

Mütəxəssis bu kimi qələbələrin çox vacib olduğunu bildirib: “Növbəti mövsüm üçün belə oyunlar önəmlidir. Gələcək oyunlarımıza baxacağıq. “Turan Tovuz”un hazırda yaxşı motivasiyası var. Komanda ilk dördlükdə qalmaq və üçüncü pilləyə qalxmaq istəyir. Eyni zamanda, bizim də şanslarımız var. Daha yuxarı pillələrdə qərarlaşa bilərik. Digər komandalarla xal fərqimiz elə də çox deyil. Çətin səfər olacaq. Ordakı oyunumuzda son dəqiqədə qol buraxıb məğlub olmuşduq. Bu dəqiqə bizim üçün hər oyun çətindir, xüsusilə də, “Turan Tovuz”la. İnanıram futbolçularıma".

Komandasının imkanlarından danışan baş məşqçi əlavə edib ki, bununla bağlı komandadakı futbolçuların da bəzi təklifləri, müəyyən fikirləri var: "Büdcəmiz bəllidir. Ən aşağı büdcə ilə Premyer Liqada çıxış edirik. Baxacağıq. Müəyyən planlarımız var. Oyunçularla danışıqlarımız olur. Gözləyək, növbəti mövsüm üçün büdcəmiz müəyyənləşsin.

Komandanın sponsoru olsa, onun fikri ilə Ayxan Abbasovun fikri eyni olsa, avrokuboklara oynayacaq “Şamaxı” formalaşdırmaq olar”.

Qeyd edək ki, “Şamaxı” növbəti turda səfərdə “Turan Tovuz”la qarşılaşacaq.

İdman.biz