“Zirə” Misli Premyer Liqasının altıncı turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, matçdan sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis ilk olaraq futbolçularına təşəkkür edib:
“Futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm”.
Sadıqov oyunun sonunda yaşananlarla bağlı ciddi hadisənin olmadığını deyib:
“Ciddi bir şey yox idi”.
Baş məşqçi bəzi məqamların komandasını təxribata çəkmək məqsədi daşıya biləcəyini də istisna etməyib: “Ola bilər”.
Amin Seydiyevin epizoduna münasibət bildirən Sadıqov Rəvan Həmzəzadənin “Zirə”nin oxşar epizodlarında qayda pozuntusu qeydə almadığını söyləyib:
“Rəvan Həmzəzadə bizim belə epizodlarda qayda pozuntusu qeydə almayıb. Ona görə də heç nə deyə bilmərəm. Bundan başqa, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi”.
O, son vaxtlar legioner məşqçilərin hakimlər üzərində təzyiq yaratdığını iddia edib:
“Son vaxtlar dəb halını alıb ki, legioner məşqçilər hakimlərin üzərində təzyiq yaradırlar. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox səhvlər “Zirə”yə qarşı olub”.
Sadıqov komandasının məğlub olmadığını düşündüyünü bildirib:
“Biz bu gün uduzmamışıq. İlk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq. Bəyanata qalanda, biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar”.
“Zirə”nin hücumda aktiv görünməməsinə də toxunan çalışdırıcı bunu rəqibin oyun fəlsəfəsi ilə əlaqələndirib:
“Turan Tovuz”a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi “Turan Tovuz”un oyun fəlsəfəsi idi”.
Sadıqov “Turan Tovuz”a qarşı yaranan aqressiyanın “Zirə”nin avrokuboklara vəsiqə qazanması ilə bağlı olmadığını bildirib:
“Səbəb o deyildi. Çünki bu proses daha əvvəl başlayıb. Azarkeşlər deməyək. Bu gün bir çox azarkeşlə görüşmüşük, şəkil çəkmişik. Bütün azarkeşlərə aid etməyək. Bu aqressiya “Azersun Arena”da “Turan Tovuz”a məğlub olduğumuz oyundan sonra başlayıb. Bununla bağlı açıqlama vermişəm”.
O, aqressiyanın kimdən qaynaqlandığını bildiyini, lakin konkret şəxsin adını çəkməyib:
“Bilmirəm “Turan Tovuz”da bizə qarşı aqressiya kimdən gəlir. Əslində bilirəm. Rəhbərlikdən gəlir. Amma hansı rəhbərdən olduğunu bilmirəm”.
