Dörd qol vurub, amma milliyə çağırılmayıb: Ayxan Abbasov niyə Salyanskiyə şans vermir? - İDMAN.BİZ-in TƏHLİLİ

7 Noyabr 2026 14:48
39
Dörd qol vurub, amma milliyə çağırılmayıb: Ayxan Abbasov niyə Salyanskiyə şans vermir? - İDMAN.BİZ-in TƏHLİLİ

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteyn və Andorra ilə keçiriləcək oyunlara dəvət etdiyi 27 futbolçunun adını açıqlayıb. Siyahıda həm təcrübəli oyunçular, həm də yeni simalar var. Lakin bir futbolçunun heyətdən kənarda qalması xüsusi suallar doğurur.

İdman.Biz xəbər verir ki, cari mövsümdə çempionatın ən məhsuldar futbolçularından biri olan 22 yaşlı “Araz-Naxçıvan” hücumçusu Ağadadaş Salyanski milli komandaya dəvət almayıb.

Məsələ təkcə gənc futbolçunun mövsümə yaxşı başlamasında deyil. Azərbaycan futbolunun uzun illərdir hücumçu problemi yaşadığı bir vaxtda onun göstəriciləri xüsusi diqqətə layiqdir.

Doqquz qoldan dördünü o vurub

On turdan sonra Salyanskinin aktivində dörd qol var və o, bombardirlər siyahısında üçüncü pilləni bölüşür. Ondan yalnız “Neftçi”nin braziliyalı futbolçusu Breno Almeyda və “Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels öndədir.

Daha diqqətçəkən məqam isə budur: Salyanski çempionatın ən məhsuldar futbolçuları arasında yer alan yeganə azərbaycanlı hücumçudur.

Üstəlik, o, ölkə çempionatında dominantlıq edən komandada çıxış etmir. “Araz-Naxçıvan” on oyundan sonra heç bir qələbə qazanmayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Komandanın vurduğu doqquz qolun dördü məhz Salyanskinin payına düşür. Bu, klubun ümumi qol sayının təxminən 45 faizi deməkdir.

Onun qol vurduğu rəqiblər də maraqlıdır: “Qarabağ”, “Turan Tovuz”, “Şamaxı” və “Zirə”. Yəni söhbət yalnız autsayderlərlə oyunlarda statistikasını yaxşılaşdıran futbolçudan getmir.

Sonuncu qolunu oktyabrın 31-də “Zirə” ilə 2:2 hesabı ilə başa çatan qarşılaşmada vurub.

Bəs milliyə çağırılan hücumçuların göstəriciləri necədir?

Milli komandaya dəvət alan Musa Qurbanlı ilə müqayisə xüsusilə maraqlıdır.

“Qarabağ”ın hücumçusu cari çempionatda bir qol vurub. Salyanski isə xeyli zəif nəticələr göstərən komandada çıxış etməsinə baxmayaraq, dörd dəfə fərqlənib.

Əlbəttə, futbolçuları yalnız vurduqları qolların sayına əsasən müqayisə etmək düzgün olmaz.

Qurbanlının əsas millidə çıxış təcrübəsi var. O, milli komandanın tələblərinə bələddir və daim yüksək səviyyədə mübarizə aparan klubda oynayır. Meydandakı funksiyaları da Salyanskinin üzərinə düşən vəzifələrdən fərqlənə bilər.

Lakin burada məntiqli sual yaranır: əgər məşqçilər korpusu özünü əvvəlcədən doğrultmuş futbolçulara üstünlük verirsə, hazırda yüksək məhsuldarlıq nümayiş etdirən oyunçular nə vaxt özlərini göstərmək imkanı qazanacaqlar?

Axı söhbət Salyanskiyə əsas heyətdə yer verilməsindən belə getmir. Məsələ onun heç olmasa millinin təlim-məşq toplanışına dəvət olunmasıdır.

Yaş və təcrübəsizlik arqument ola bilərmi?

Ağadadaşın cəmi 22 yaşı var. Buna görə də onun yaşının milli komandada çıxış etməyə maneə yaratdığını və ya gələcək inkişaf perspektivlərinin məhdud olduğunu söyləmək üçün heç bir əsas yoxdur.

Üstəlik, futbolçunun artıq beynəlxalq oyun təcrübəsi də var. Oktyabr ayında Salyanski Azərbaycanın U-21 millisinin Cəbəllütariq üzərində 3:0 hesablı qələbəsində dubl edib. O, 43-cü və 51-ci dəqiqələrdə fərqlənib.

Salyanski əsas milli komandada hələ debüt etməsə də, 2025-ci ilin martında o vaxtkı baş məşqçi Fernandu Santuşdan dəvət almışdı.

Maraqlıdır ki, Ayxan Abbasov noyabr toplanışına İtaliyanın “Sampdoriya” klubundan 18 yaşlı Lorenso Metsotteronu da çağırıb. Bu, mütəxəssisin gənclərə güvənməyə və yeni futbolçuları sınamağa hazır olduğunu göstərir.

Bəs niyə eyni etimad Azərbaycan Premyer Liqasında artıq məhsuldarlığını nümayiş etdirən hücumçuya göstərilmir?

Bəlkə, məsələ təkcə qollarda deyil?

Obyektiv olmaq üçün məşqçi seçiminə təsir göstərə biləcək digər amilləri də nəzərə almaq lazımdır.

Salyanski heç də həmişə nümunəvi intizamı ilə seçilməyib. 2025-ci ilin mayında “Neftçi” və “Sabah”ın əvəzedici komandalarının oyununda aqressiv davranışına görə dörd oyunluq cəzalandırılıb. Bu ilin oktyabrında isə “Sumqayıt”la qarşılaşmada ikinci sarı vərəqədən sonra meydandan qovulub və bir oyunu buraxmalı olub.

Hər iki cəza AFFA İntizam Komitəsinin rəsmi qərarlarında əksini tapıb.

Bu amil millinin məşqçilər korpusu tərəfindən nəzərə alına bilərmi? Nəzəri baxımdan, bəli. Lakin Ayxan Abbasovun açıqlaması olmadan məhz intizam problemlərinin futbolçunun dəvət almamasına səbəb olduğunu iddia etmək düzgün olmaz.

Səbəblər sırf futbol xarakterli də ola bilər: pressinqdə iştirak, qərarvermə sürəti, topsuz hərəkətlər və ya konkret taktiki modelə uyğunluq.

Ancaq ətraflı fərdi statistik göstəricilər və baş məşqçinin izahı olmadan Salyanskinin bu komponentlər üzrə milliyə çağırılmış hücumçulardan geri qalıb-qalmadığını müəyyənləşdirmək mümkün deyil.

Heç olmasa, niyə sınamayaq?

Sentyabr ayında İdmanxeber.az saytına müsahibəsində Salyanski əsas milli komandada oynamağı arzuladığını və dəvət alacağı təqdirdə buna tam hazır olacağını bildirmişdi.

Həmin vaxtdan onun məhsuldarlığı daha da artıb.

Əlbəttə, mövsümün nisbətən qısa hissəsində vurulan dörd qol futbolçunu avtomatik olaraq millinin əsas heyətinə namizəd etmir. Amma bu göstərici ən azı ona daha yaxından diqqət yetirməyə əsas verir.

Xüsusilə də qarşıda Lixtenşteyn və Andorra ilə görüşlər olduğu halda. Bunlar Azərbaycan millisinin hücum futbolu nümayiş etdirməyə və çoxsaylı qol imkanları yaratmağa çalışmalı olduğu rəqiblərdir.

Belə matçlarda məhsuldar gənc hücumçunun sınanılması kifayət qədər məntiqli qərar olardı.

Salyanski mütləq Musa Qurbanlıdan və ya Mahir Emrelidən güclü deyil. Bəs o, onlardan nə dərəcədə zəifdir ki, millinin toplanışında iştirak etmək üçün belə şans qazanmır?

Bu suala Ayxan Abbasovun özündən cavab eşitmək maraqlı olardı.

Çünki çempionatın bombardirlər yarışında liderlər sırasında yer alan yeganə azərbaycanlı hücumçu milli komandadan kənarda qalırsa, azarkeşlər məşqçilər korpusunun hansı meyarları əsas götürdüyünü bilməyə haqlıdırlar.

İdman.Biz