“Kəpəz”in futbolçusu Əli Səmədov səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 11-ci tur matçından sonra brifinq keçirib.
İdman.Biz sportify.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib:
– Çox yaxşı, lider komandaya qarşı oynayırdıq. Ona uyğun hazırlaşmışdıq. Üzərimizə çox gələcəklərini bilirdik. Bununla belə, məncə, çox yaxşı oynadıq, əlimizdən gələni etdik. Epizodlarımız da oldu. Lakin rəqib daha çox imkan yaratdığı üçün qələbə qazandı. Rəqibi təbrik edirəm. Biz isə heç də pis mübarizə aparmadıq.
– Hazırkı mövqeyiniz barədə nə düşünürsünüz?
– Məncə, turnir cədvəlindəki yerimiz yaxşıdır. Qələbələri sıralayırdıq, 7 oyundur uduzmurduq. Komandamla, uşaqlarla fəxr edirəm. Hər şey qaydasındadır. Milli fasilədən sonra da belə davam edəcəyik.
– “Qarabağ”ın da xal itirməsi ilə “Kəpəz” avrokubok mübarizəsinə qoşuldu. Sizcə, çempion olmağınız mümkündür?
– Açığı, elə bir niyyətimiz yoxdur (gülür – red.). Mümkün qədər yuxarı pillələrdə qərarlaşmağa çalışırıq. Əlimizdən gələni edərək, aşağı pillələrdən qurtulmağa çalışacağıq.
– Bəs “Kəpəz”in avrokubok hədəfi varmı?
– Reallıqda elə bir hədəfimiz də yoxdur. Amma niyə də olmasın?! Ola bilər.
– Hazırda “Qarabağ”la aranızda iki xallıq fərq var. Gələn tur məhz bu komanda ilə üz-üzə gələcəksiniz…
– Düzdür, onların 19, bizim isə 17 xalımız var. Xal fərqi azdır, evdə oynayacağıq. Bu, bizim üçün üstünlükdür. Evdə daha yaxşı oynayırıq. Milli fasilədə buna uyğun hazırlıq üçün yararlanaraq, qələbə qazanmağa çalışacağıq.
– Azarkeşlərə nə demək istərdiniz?
– Tribunalarda iki böyük komandanın möhtəşəm azarkeşləri var idi. Oyun boyunca onların dəstəklərini hiss edirdik. Həmişəki kimi, möhtəşəm idilər.
