Azərbaycanlı fiqurlu konkisürən Aleksandr Plyuşenko Türkiyənin Ankara şəhərində yeniyetmələr arasında keçirilən Qran-pridə qısa proqramla çıxış edib.
İdman.Biz xəbər verir ki, bu, idmançının Azərbaycan bayrağı altında ilk çıxışı olub.
Aleksandr Plyuşenko qısa proqramda belaruslu bəstəkar Valeri Didyuliyanın “Flamenqo” kompozisiyasının sədaları altında çıxış edib. O, yarışa atası, ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun rəhbərliyi altında hazırlaşıb.
Gənc konkisürən proqramındakı yeddi elementdən beşini uğurla yerinə yetirib. O, ilk səhvini çıxışının başlanğıc elementi olan ikiqat akseldə buraxıb. Bu, onun yüksək mövqe tutmaq şanslarını xeyli azaldıb.
Bundan əlavə, Plyuşenkonun proqramı mürəkkəbliyinə görə daha yaşlı və adlı-sanlı rəqiblərinin çıxışlarından geri qalıb.
Aleksandr Plyuşşenko bu çıxışına görə 57.12 xal toplayıb və 33 idmançı arasında 16-cı pillədə qərarlaşıb. Yarışın lideri Daiya Ebihara isə 72.46 xal toplayıb.
Qeyd edək ki, Aleksandr Plyuşenko 19 sentyabrda Ankarada keçirilən ISU Yeniyetmələr Qran-prisinin sərbəst proqramında çıxış edəcək.
