“Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilməyim Azərbaycan üçün çox vacib addımdır. Bu, ölkəmizdə qış idman növlərinin inkişaf etdiyini və Azərbaycanın ənənəvi qış idmanı ölkələri sırasında tədricən öz yerini tutduğunu göstərir”.
Bu fikirləri Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.
Federasiya rəsmisi qeyd edib ki, bu vəzifəyə seçilməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, adətən bu cür beynəlxalq federasiyaların rəhbərliyində Avstriya, İsveçrə, Fransa və İspaniya kimi qış idmanı ənənələri olan ölkələr təmsil olunur.
“Azərbaycanın bu ölkələr arasında təmsil olunması ölkənin qış idman növləri sahəsində əldə etdiyi inkişafı göstərir”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Günel Bədəlova bildirib ki, son 4 il ərzində Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən beynəlxalqmiqyaslı yarışların təşkili, milli komandanın formalaşdırılması və idmançıların qazandığı uğurlar onun vitse-prezident seçilməsinə töhfə verib.
Baş katib yeni vəzifəsində hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyinin hələ müəyyənləşmədiyini vurğulayıb.
Qurum rəsmisi əsas prioritetlərin xizək alpinizminin beynəlxalq səviyyədə tanıdılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və perspektivlərin açılması olduğunu diqqətə çatdırıb. O, gələcək Olimpiya Oyunlarında təmsilçilik məsələsinin də vitse-prezidentlər üçün mühüm vəzifələrdən biri olduğunu qeyd edib.
Beynəlxalq yarışların Azərbaycanda təşkili məsələsinə də toxunan Günel Bədəlova bildirib ki, ölkədə bu istiqamətdə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur. O, qarşıdakı mövsümdə Azərbaycanda xizək alpinizmi üzrə dünya çempionatının keçiriləcəyini xatırladıb.
Qeyd edib ki, dünya çempionatı Qış Olimpiya Oyunlarından sonra ən yüksəksəviyyəli yarışlardan biri hesab olunur: “Azərbaycanın cəmi üç il ərzində formalaşmış yarış təşkilatçılığı təcrübəsi fonunda belə mötəbər turnirə ev sahibliyi etməsi böyük nailiyyətdir. Gələcək illərdə də bu müsbət tendensiyanın qorunub saxlanılacağına və Azərbaycanın beynəlxalq xizək alpinizmi yarışlarının təşkilində fəal iştirakını davam etdirəcəyinə inanıram”.
