Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) vitse-prezidenti seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası (AQİNF) məlumat yayıb.
Bildirilib ki, bu barədə qərar Polşanın Zakopane şəhərində keçirilən ISMF-in Plenar Assambleyasında qəbul olunub. Tədbirdə Azərbaycanı Günel Bədəlova təmsil edib.
Assambleya çərçivəsində federasiyanın prezidenti və vitse-prezidentləri vəzifələrinə seçkilər keçirilib.
Günel Bədəlovanın ISMF-in rəhbərliyində təmsil olunması Azərbaycanın beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmləndirilməsi, eləcə də qış idman növlərinin inkişafı sahəsində təcrübəsinin beynəlxalq səviyyədə təqdim edilməsi baxımından əhəmiyyətlidir.
Bu təmsilçilik, həmçinin xizək alpinizmi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, idmançı və mütəxəssislərin beynəlxalq idman mühitinə inteqrasiyasının gücləndirilməsi üçün yeni imkanlar yaradır.
