ISMF Rusiyaya məhdudiyyətləri qüvvədə saxladı: Azərbaycan nümayəndəsi rəhbərliyə seçildi - FOTO

18 Oktyabr 2026 23:34
116
ISMF Rusiyaya məhdudiyyətləri qüvvədə saxladı: Azərbaycan nümayəndəsi rəhbərliyə seçildi - FOTO

Beynəlxalq Xizək Alpinizmi Federasiyası (ISMF) bu idman növünün gələcək inkişafı, antidopinq siyasəti, beynəlxalq üzvlük və Rusiya idmançılarının yarışlarda iştirakı ilə bağlı bir sıra mühüm qərarlar qəbul edib.

İdman.Biz beynəlxalq idman nəşri “Inside The Games”ə və ISMF-nin rəsmi saytına istinadən xəbər verir ki, qərarlar oktyabrın 17-də Polşanın Zakopane şəhərində keçirilən təşkilatın 19-cu növbəti plenar assambleyasında təsdiqlənib.

İclasın əsas nəticələrindən biri İsveçrə təmsilçisi Requla Mayerin Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti vəzifəsinə növbəti dörd il müddətinə yenidən seçilməsi olub. O, bu vəzifəyə yeganə namizəd idi və milli federasiyaların dəstəyini qazanıb.

Səsvermə zamanı ISMF-nin yenilənmiş rəhbər heyəti də formalaşdırılıb. Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova, Fransa təmsilçisi Pyer Fransua Düpon və norveçli Frank Holen təşkilatın vitse-prezidentləri seçiliblər.

Bundan əlavə, İspaniyadan Oriol Montero Qarsiya və Slovakiyadan Zuzana Rıxlikova şuranın tərkibinə daxil olublar. Yeni rəhbərlik qarşıdakı dörd il ərzində beynəlxalq federasiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirəcək.

Rusiya ilə bağlı məhdudiyyətlər qüvvədə qalır

Assambleyanın ən çox müzakirə olunan məsələlərindən biri ISMF-nin Rusiya idmanına münasibətdə gələcək siyasəti olub.

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin 7 iyul 2026-cı il tarixli qərarına baxıldıqdan sonra nümayəndələr mövcud məhdudiyyətlərin saxlanılmasını təsdiqləyiblər.

Qəbul olunan qərara əsasən, Rusiya ərazisində bundan sonra da ISMF-nin himayəsi altında yarışlar keçirilməyəcək. Rusiyanın dövlət qurumlarının nümayəndələri federasiyanın tədbirləri üçün rəsmi akkreditasiya və ya dəvət ala bilməyəcəklər.

Bundan əlavə, Rusiyanın böyüklər kateqoriyasında çıxış edən idmançılarına ISMF yarışlarında milli rəmzlərdən istifadə etmək qadağan edilib.

Bununla yanaşı, beynəlxalq federasiya xüsusi vurğulayıb ki, söhbət Rusiya idmançılarının yarışlarda iştirakına tam qadağadan getmir. Onların yarışlara buraxılması imkanları qüvvədə olan lisenziyalaşdırma tələblərinə, idman reqlamentlərinə və antidopinq qaydalarına uyğun olaraq ayrıca müəyyənləşdirilir.

Yeni antidopinq qaydaları və federasiyanın genişlənməsi

Assambleya iştirakçıları ISMF-nin 2026/2027-ci illər mövsümü üçün büdcəsini, 2027-ci ildə qüvvədə olacaq yeni antidopinq qaydalarını, həmçinin İdmançılar Bəyannaməsini təsdiqləyiblər.

Eyni zamanda beynəlxalq təşkilat milli üzvlərinin sayını artırıb. Kosovo Alpinizm və İdman Dırmanması Federasiyası, eləcə də Şimali Makedoniya Alpinizm Federasiyası ISMF-nin tamhüquqlu üzvü statusunu alıblar.

Bosniya və Herseqovina Alpinizm Federasiyası isə təşkilata müvəqqəti üzv kimi qəbul edilib.

Digər mühüm qərarlardan biri növbəti plenar assambleyanın keçiriləcəyi yerin seçilməsi olub. 2027-ci ildə iclasa ev sahibliyi etmək hüququ uğrunda Albaniya, Ermənistan və Livan mübarizə aparıblar. Səsvermənin nəticələrinə əsasən, Albaniyanın paytaxtı Tirana qalib gəlib.

Həmçinin 2028-ci ilin plenar assambleyasının oktyabrın 14-də keçiriləcəyi təsdiqlənib. Lakin tədbirin təşkil olunacağı şəhər daha sonra müəyyənləşdiriləcək.

Qərarların Azərbaycan üçün əhəmiyyəti

Günel Bədəlovanın ISMF-nin üç vitse-prezidentindən biri seçilməsi Azərbaycanın qış idman növləri üzrə beynəlxalq strukturlarda təmsilçiliyi baxımından mühüm hadisə olub.

Azərbaycan son illərdə Beynəlxalq Xizək Alpinizmi Federasiyası ilə əməkdaşlığı, o cümlədən böyük beynəlxalq yarışların təşkili istiqamətində əlaqələri genişləndirir.

2025-ci ildə “Şahdağ”da ölkə tarixində ilk dəfə xizək alpinizmi üzrə Dünya kubokunun mərhələsi keçirilib. 2026-cı ildə isə dağ-xizək kurortu Avropa çempionatına ev sahibliyi edib.

Azərbaycan təmsilçisinin ISMF rəhbərliyində yer alması bu sahənin inkişafı, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və ölkənin böyük qış idman yarışlarının təşkilatçısı kimi tanıdılması üçün əlavə imkanlar yaradır.

Beynəlxalq federasiyanın məlumatına görə, yeni rəhbərliyin prioritetləri sırasında yarış təqviminin genişləndirilməsi, milli federasiyalara və idmançılara dəstək, beynəlxalq əhatə dairəsinin artırılması və xizək alpinizminin Olimpiya hərəkatındakı mövqeyinin möhkəmləndirilməsi yer alır.

İdman.Biz