La Liqa: “Barsa” “Sevilya” üzərində əzmkar qələbə qazandı, “Selta”dan beş cavabsız qol - YENİLƏNİB + VİDEO

20 Sentyabr 2026 09:06
996
La Liqa: “Barsa” “Sevilya” üzərində əzmkar qələbə qazandı, “Selta”dan beş cavabsız qol - YENİLƏNİB + VİDEO

“Barselona” İspaniya La Liqasının yeddinci turunun oyununda səfərdə “Sevilya”ya 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri 19-cu dəqiqədə hesabı açıblar. “Milan”dan icarəyə götürülən Yussuf Fofana fərqlənib.

Kataloniyalılara qələbəni Rafinyanın het-triki qazandırıb. 29 yaşlı braziliyalı 22-ci dəqiqədə hesabı bərabərləşdirib, 52-ci dəqiqədə “Barselona”nı önə çıxarıb və 69-cu dəqiqədə üçüncü qolunu vurub. Onun hesabında artıq yeddi turda 12 qol var.

Rafinya 21-ci əsrdə Lionel Messi və Kriştianu Ronaldudan sonra La Liqa mövsümünün ilk yeddi oyununda 10 və daha çox qol vuran üçüncü futbolçu olub.

“Barselona” mövsümün startında ardıcıl yeddinci qələbəsini qazanıb və 21 xalla La Liqada liderdir. “Sevilya” (13 xal) turnir cədvəlində beşinci pillədə qərarlaşıb.

22:40

“Selta” İspaniya La Liqasının yeddinci turunun oyununda öz meydanında “Rasinq” üzərində 5:0 hesabı ilə böyükhesablı qələbə qazanıb.

Hərəyə bir qolu Uqo Qonsales (31-ci dəqiqə), İlayş Moriba (43-cü) və Migel Roman (69-cu) vurub. Görüşün sonlarında Pablo Duran dubl edib (78-ci və 90+2-ci dəqiqələr).

“Selta” bu mövsümdə ilk qələbəsini qazanıb və 7 xalla La Liqada 11-ci pilləyə yüksəlib. “Rasinq” (7 xal) turnir cədvəlində 14-cü yerdə qərarlaşıb.

20:31

İspaniya La Liqasının yeddinci turunda “Atletik” və “Alaves” qarşılaşıb.

İdman.Biz xəbər verir ki, görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Bu nəticədən sonra “Alaves” 11 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Atletik” isə 8 xalla 10-cu yerdədir.

Növbəti turda “Atletik” oktyabrın 10-da səfərdə “Rayo Valyekano” ilə qarşılaşacaq. “Alaves” isə həmin gün doğma meydanda Madrid “Atletiko”sunu qəbul edəcək.

18:43

İspaniya La Liqasının yeddinci turunda “Osasuna” və “Rayo Valyekano” qarşılaşıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesab 15-ci dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Ante Budimir fərqlənib. “Rayo Valyekano”nun cavab qolunu 50-ci dəqiqədə Serxio Kamelyo vurub.

Bu nəticədən sonra hər iki komandanın hesabında 8 xal var. “Osasuna” və “Rayo Valyekano” turnir cədvəlində müvafiq olaraq 9-cu və 10-cu pillələri bölüşür.

İdman.Biz