“Gələn ildən yaxşı olacaq” təsəllisi və ya 33-cü finişə 5 qələbə ilə

Xəbərlər
18 Noyabr 2024 18:00
103
“Gələn ildən yaxşı olacaq” təsəllisi və ya 33-cü finişə 5 qələbə ilə

Azərbaycan millisi 2024-cü ilin son matçını keçirəcək.

İdman.biz xəbər verir ki, Fernandu Santuşuin baş məşqçisi olduğu komanda Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçin qonağı olacaq.

C liqasının 1-ci qrupunun autsayderi olan futbol yığmamız bu səfərlə tarixinin 33-cü təqvim ilini başa vuracaq. Əsası 1992-ci ildə qoyulan millinin azarkeşləri 33-cü dəfə “gələn ildən yaxşı olacaq” təsəllisi, ümidi ilə “2024”ü yola salacaq.

Amma hələ də irəliləyişə nail olmayan, sadəcə “bir addım irəli, iki addım geri” və ya əksinə hərəkət edən yığma 2025-ci il üçün də hələlik ümidlər vermir. İndi də millimiz ilin son qarşılaşmasına çıxır. Təbii ki, “bir güllə bahar olmaz” ifadəsindəki kimi bir matçla gələn il barədə fikir yürütmək mümkün deyil. Lakin istənilən halda, ilin sonunda "qapını çırpmaq” və ya “qapının arasında qalmaq” qarşıya nikbin, yoxsa bədbin baxmağa təsir edir.

İdman.biz də millimizin əvvəlki təqvim illərindəki son oyunlarını nəzərdən keçirib. Düzdür, 1992-ci ildəki yeganə qarşılaşma həm ilk, həm də sonuncu olub.

Komandamız son 8 ildə yalnız bir dəfə son matçda qalib gəlib. Bu, 2022-ci ildə Şimali Makedoniya ilə yoldaşlıq oyununda baş verib. Yeri gəlmişkən, bu müddətdə 2 heç-heçə və 5 məğlubiyyəti olan milli 4 dəfə böyük hesabla uduzub. Son üç ilin finişi isə məhsuldar alınıb. Hər dəfə ən azı 4 qol vurulub.

Əvvəlki illərdən yalnız beşində son oyun yığmamızın qələbəsi ilə başa çatıb. Bunların da üçündə 1, ikisində 2 top fərqinə sevinmişik. Millimiz ümumilikdə 13 dəfə ilə məğlubiyyətsiz vida edib. Bu, 8 heç-heçə sayəsində mümkün olub.

Digər 19 finiş isə məğlubiyyətlə əlamətdar olub. Bunların doqquzu böyükhesablı nəticə ilə bitib.

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan - 6:3
8 iyun 1993. Tehran. BT. Azərbaycan – Qazaxıstan U-21 - 3:3
13 dekabr 1994. Trabzon. AÇ. Azərbaycan – Fransa - 0:2
15 noyabr 1995. Trabzon. AÇ. Azərbaycan – Polşa - 0:0
10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan - 0:3
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan - 5:0
28 noyabr 1998. Gəncə. YO. Azərbaycan – Estoniya - 2:1
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya - 0:1
11 oktyabr 2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan - 3:0
20 noyabr 2002. Bakı. AÇ. Azərbaycan – Uels - 0:2
20 dekabr 2003. Ər-Riyad. YO. Səudiyyə Ərəbistanı – Azərbaycan - 1:0
17 noyabr 2004. Bakı. YO. Azərbaycan – Bolqarıstan - 0:0
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan - 2:0
11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan - 3:0
21 noyabr 2007. Bakı. AÇ. Azərbaycan – Belçika - 0:1
19 noyabr 2008. Bakı. YO. Azərbaycan - Albaniya - 1:1
18 noyabr 2009. Əl-Ayn. BT. Azərbaycan - Çexiya - 2:0
17 noyabr 2010. Podqoritsa. YO. Çernoqoriya - Azərbaycan - 2:0
11 noyabr 2011. Tirana. YO. Albaniya - Azərbaycan - 0:1
14 noyabr 2012. Belfast. DÇ. Şimali İrlandiya - Azərbaycan - 1:1
19 noyabr 2013. Bişkek. YO. Qırğızıstan - Azərbaycan - 0:0
16 noyabr 2014. Bakı. AÇ. Azərbaycan - Norveç - 0:1
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova - 2:1
11 noyabr 2016. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan - 4:0
8 oktyabr 2017. Kayzerslautern. DÇ. Almaniya - Azərbaycan - 5:1
20 noyabr 2018. Priştina. UML. Kosovo - Azərbaycan - 4:0
19 noyabr 2019. Trnava. AÇ. Slovakiya - Azərbaycan - 2:0
17 noyabr 2020. Lüksemburq. UML. Lüksemburq - Azərbaycan - 0:0
14 noyabr 2021. Bakı. YO. Azərbaycan – Qətər - 2:2
20 noyabr 2022. Skopye. YO. Şim. Makedoniya - Azərbaycan - 1:3
19 noyabr 2023. Brüssel. AÇ. Belçika - Azərbaycan - 5:0

DÇ – dünya çempionatının seçmə mərhələsi, AÇ – Avropa çempionatının seçmə mərhələsi, UML – UEFA Millətlər Liqası, BT – beynəlxalq turnir, YO – yoldaşlıq oyunu

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: