Fransa millisinin qapıçısı Giyom Rest Millətlər Liqasının dördüncü turunda Belçikaya qarşı keçirilən oyunda milli komandada debüt edib.
İdman.Biz xəbər verir ki, “Tuluza”nın qolkiperi qarşılaşma zamanı 21 yaş 208 günlük olub. Bununla da Rest son 53 ildə Fransa millisində meydana çıxan ən gənc qapıçı kimi tarixə düşüb.
Fransa yığmasında daha erkən yaşda debüt edən sonuncu qapıçı Jan-Pol Bertran-Deman olub. O, 21 noyabr 1973-cü ildə 21 yaş 182 günlük ikən Danimarkaya qarşı oynayıb. Həmin görüşdə Fransa 3:0 hesabı ilə qalib gəlib.
Restin debütü də Fransa üçün qələbə ilə başa çatıb. Zinəddin Zidanın komandası “Stad de Frans”da Belçikanı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ilk qolu məhz Rest buraxıb. Dodi Lukebakio 35-ci dəqiqədə Belçikanı hesabda önə keçirib. Fransa isə ikinci hissədə geridönüş edib. Dezire Due 77-ci dəqiqədə hesabı bərabərləşdirib, Rayan Şerki 81-ci dəqiqədə meydan sahiblərini önə çıxarıb. Maykl Olise isə 88-ci və 90+1-ci dəqiqələrdə fərqlənərək dubl edib.
Zinəddin Zidanın rəhbərliyi altında Fransa millisinin əvvəlki üç oyununda qapını Mayk Menyan qoruyub.
