Asiya Futbol Konfederasiyası 2030-cu ildə Millətlər Liqasını keçirməyə hazırlaşır

6 Oktyabr 2026 02:00
95
Asiya Futbol Konfederasiyası 2030-cu ildə Millətlər Liqasını keçirməyə hazırlaşır

Asiya Futbol Konfederasiyası (AFC) öz Millətlər Liqasını yaratmağı planlaşdırır.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, turnirin ilk tammiqyaslı mövsümünün 2030-cu ildə keçirilməsi nəzərdə tutulub. Yarışın iki ildən bir təşkili planlaşdırılır. Milli komandalar üç diviziona bölünəcək. İlk iki divizionda 18, üçüncü divizionda isə 11 yığma mübarizə aparacaq. Divizionlar arasında yüksəlmə və aşağı düşmə sistemi tətbiq olunacaq.

Millətlər Liqasının dünya çempionatı və Asiya Kubokunun seçmə mərhələləri ilə inteqrasiyası nəzərdə tutulur. Dünya çempionatının seçmə mərhələsində yüksək divizionda yer alan komandaların hər biri 12 oyun keçirəcək. Bunların 6-sı evdə, 6-sı isə səfərdə olacaq.

İlk 6 yığma dünya çempionatına birbaşa vəsiqə qazanacaq. 7-10-cu yerləri tutan komandalar daha 2 birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Pley-offun nəticələrinə əsasən daha bir komanda isə qitələrarası pley-offda iştirak etmək hüququ əldə edəcək.

Bundan əlavə, yüksək divizionun ən yaxşı 8 komandası Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi pley-off mərhələsində oynayacaq.

Yeni turnirin 2028/29 mövsümündə pilot yarışı təşkil edilməsi nəzərdə tutulur.

İdman.Biz