Sabiq çilili hakim Karlos Çandiya maraqlı açıqlama ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, o, Lionel Messiyə formasını almaq şərti ilə sarı vərəqə göstərməyib.
Hadisə 2007-ci ildə Amerika Kubokunun yarımfinalında yaşanıb. Argentinanın Meksikaya 3:0 hesabı ilə qalib gəldiyi matçın sonlarında aşkar qayda pozuntusuna baxmayaraq Çandiya Leoya sarı vərəqə göstərməyib.
O, bunu belə açıqlayıb: “Meksika komandasının heç bir qol şansı və ya buna bənzər bir şey yox idi. Ona görə də Messiyə dedim ki, bu, sarı vərəqədir, amma bu, sənin köynəyinin bahasına başa gələcək. Buna görə də ona sarı vərəqə göstərmədim. Messi sarı vərəqə alsaydı, Amerika Kubokunun finalında oynamaq şansını itirəcəkdi. Oyun bitdikdən sonra Leo mənə formasını meydanda vermək istədi. Mən isə ona dedim ki, formanı soyunub-geyinmə otağına aparsın”.
Qeyd edək ki, hakimin dırnağarası canfəşanlığı sayəsində Lionel Messi finalda Argentinanın heyətində oynasa da, komandası qələbə qazana bilməyib. Albiselesta həlledici qarşılaşmada Braziliyaya 0:3 hesabı ilə uduzub.
İdman.biz