Azərbaycanın U-21 yığması 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, B qrupunda mübarizə aparan Rəşad Əyyubovun komandası doqquzuncu turda səfərdə Şotlandiya ilə qarşılaşıb. Kilmarnokda keçirilən görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı Azərbaycan millisi açıb. 21-ci dəqiqədə Nəriman Axundzadə fərqlənərək komandasını önə keçirib. Şotlandiya cəmi üç dəqiqə sonra cavab verib. Barnabi Stüart 24-cü dəqiqədə hesabı bərabərləşdirib, 26-cı dəqiqədə isə özünün və komandasının ikinci qolunu vurub. Daha sonra Ceyms Uilson fərqlənərək ilk hissənin yekun hesabını müəyyənləşdirib - 3:1.
İkinci hissədə Tayler Fletçer 4-cü qolu vuraraq meydan sahiblərinin üstünlüyünü artırıb. 70-ci dəqiqədə Raul Məmmədov Azərbaycan millisinin ikinci qoluna imza atıb.
Lakin görüşün sonlarında Şotlandiya daha bir dəfə fərqlənib. 81-ci dəqiqədə əvəzlənərək meydana daxil olan Bobbi Uaylz matçın son nöqtəsini qoyub - 5:2.
Bu nəticədən sonra Azərbaycan doqquz turdan yeddi xalla qrupda beşinci pillədə qərarlaşıb. Şotlandiya isə xallarını 14-ə çatdıraraq Bolqarıstana çatıb.
Azərbaycan U-21 millisi seçmə mərhələdə son oyununu oktyabrın 6-da keçirəcək. Komandamız həmin görüşdə Cəbəllütariqi qəbul edəcək.
09:23
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi yığma səfərdə Şotlandiyanın U-21 komandası ilə üz-üzə gələcək.
Kilmarnok şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan U-21 millisi səkkiz oyundan sonra yeddi xalla qrupda beşinci, Şotlandiya isə 11 xalla dördüncü pillədə qərarlaşıb.
