Azərbaycan yeniyetmələrin olimpiadasında son 12 ilin ən yaxşı nəticəsini göstərdi - İDMAN.BİZ-in İCMALI

14 Noyabr 2026 12:17
31
Azərbaycan yeniyetmələrin olimpiadasında son 12 ilin ən yaxşı nəticəsini göstərdi - İDMAN.BİZ-in İCMALI

Azərbaycan millisi Seneqalın paytaxtı Dakarda keçirilən IV Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub. İdmançılarımız son 12 ildə ən yaxşı nəticələrini göstəriblər.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri yarışda üç qızıl və üç gümüş medal qazanaraq ümumi medal sıralamasında 13-cü yeri tutublar. Bu, ölkəmizin Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində tutduğu mövqeyə görə üçüncü ən yaxşı nəticədir.

Azərbaycan ilk dəfə 2010-cu ildə Sinqapurda keçirilən yarışda iştirak edib. Həmin vaxt idmançılarımız beş qızıl və üç gümüş medal qazanaraq ümumi sıralamada 11-ci yeri tutublar. Dörd il sonra Çinin Nankin şəhərində keçirilən növbəti olimpiadada isə yığmamız tarixinin ən yüksək göstəricisinə imza atıb. Azərbaycan 12 medalla (beş qızıl, altı gümüş və bir bürünc) 10-cu yeri tutub.

2018-ci ildə Buenos-Ayresdə təşkil olunan əvvəlki olimpiadada isə təmsilçilərimiz altı medalla (iki qızıl, bir gümüş və üç bürünc) 35-ci pillədə qərarlaşıblar.

Beləliklə, Dakar-2026-da Azərbaycan əvvəlki oyunlarla müqayisədə 22 pillə irəliləyib. Ümumi medal sayımız eyni qalsa da, bu dəfə qızıl medalların sayı bir ədəd çox olub.

Xatırladaq ki, Dakarda cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşi üzrə Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) olimpiya çempionu olublar. Güləşçi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə gümüş medal qazanıblar.

Ümumilikdə Azərbaycan idmançıları indiyədək keçirilmiş dörd Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 32 medal əldə ediblər. Bunların 15-i qızıl, 13-ü gümüş, 4-ü isə bürünc əyarlıdır.

Maraqlı məqamlardan biri də odur ki, Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində yalnız Çin və Rusiya bütün yarışlarda medal sıralamasının ilk üçlüyündə yer alıblar. Hər iki ölkə buna dörd dəfə nail olub. Çin üç dəfə (2010, 2014, 2026), Rusiya isə bir dəfə (2018) ümumi sıralamanın lideri olub.

Yaponiya iki dəfə ilk üçlükdə qərarlaşıb. Cənubi Koreya və ABŞ isə hərəyə bir dəfə bu uğura imza atıblar.

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının yekun medal sıralaması – ilk 20 ölkə

Mötərizədə müvafiq olaraq qızıl, gümüş və bürünc medalların sayı göstərilib.

Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının yekun medal sıralaması (ilk 20 ölkə):

1. Çin – 18 qızıl, 8 gümüş, 7 bürünc (33 medal).

2. Yaponiya – 11 qızıl, 8 gümüş, 9 bürünc (28 medal)

3. Rusiya – 8 qızıl, 4 gümüş, 2 bürünc (14 medal)

4. Misir – 6 qızıl, 1 gümüş, 5 bürünc (12 medal)

5. Efiopiya – 5 qızıl, 3 gümüş (8 medal)

6. Seneqal – 5 qızıl, 7 bürünc (12 medal)

7. Fransa – 4 qızıl, 5 gümüş, 4 bürünc (13 medal)

8. Keniya – 4 qızıl, 2 gümüş (6 medal)

9. CAR – 3 qızıl, 5 gümüş, 3 bürünc (11 medal)

10. Xorvatiya – 3 qızıl, 4 gümüş (7 medal)

11. Ukrayna – 3 qızıl, 3 gümüş, 3 bürünc (9 medal)

12. Braziliya – 3 qızıl, 3 gümüş, 1 bürünc (7 medal)

13. Azərbaycan – 3 qızıl, 3 gümüş (6 medal)

14. Almaniya – 3 qızıl, 2 gümüş, 3 bürünc (8 medal)

15. Türkiyə – 3 qızıl, 1 gümüş, 5 bürünc (9 medal)

16. İordaniya – 3 qızıl, 1 gümüş (4 medal)

17. Nigeriya – 3 qızıl (3 medal)

18. İspaniya – 2 qızıl, 5 gümüş, 5 bürünc (12 medal)

19. Çin Taypeyi – 2 qızıl, 4 gümüş, 3 bürünc (9 medal)

20. Özbəkistan – 2 qızıl, 4 gümüş, 2 bürünc (8 medal).

İdman.Biz