Fransa prezidenti Emmanuel Makron Arsen Vengerin FIFA prezidenti vəzifəsinə namizədliyini dəstəkləmək niyyətindədir.
İdman.Biz Britaniyanın “The Telegraph” nəşrinə istinadla xəbər verir ki, Makron sabiq “Arsenal” baş məşqçisinə Canni İnfantino ilə rəqabətdə kömək təklif edib. Fransa lideri digər dövlət və hökumət başçıları ilə də əlaqə saxlayaraq onların Vengerin namizədliyini dəstəkləməsinə çalışacaq.
Bildirilir ki, Makron həmyerlisi ilə artıq əlaqə saxlayaraq onu FIFA prezidentliyinə namizədliyini irəli sürməyə razı salmağa çalışıb. Lakin Vengerin bu təklifi qəbul edib-etməyəcəyi hələ məlum deyil.
Nəşrin yazdığına görə, UEFA da fransalı mütəxəssisin namizədliyini irəli sürəcəyi təqdirdə ona dəstək verməyə hazırdır. Venger seçkilərdə iştirak etməsə, Avropa futbol qurumunun Yaponiya Futbol Assosiasiyasının rəhbəri Kozo Taşimanı dəstəkləyəcəyi gözlənilir.
Bununla belə, Makronun prosesə müdaxiləsi birmənalı qarşılanmır. Futbol dairələrində bəzi şəxslər Fransanın Afrika ölkələri ilə münasibətlərinin Vengerin namizədliyinə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
Qeyd edək ki, FIFA prezidentliyi uğrunda seçkilər 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək. Namizədlərin qeydiyyatı üçün son tarix noyabrın 18-dir. Hazırkı prezident Canni İnfantino dördüncü müddətə seçilmək istəyir.
