İngiltərənin “Mançester Yunayted” klubu İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Vinisius Junioru transfer etmək niyyətindədir.
İdman.Biz İspaniyanın “Fichajes” nəşrinə istinadla xəbər verir ki, “Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino braziliyalı vingerin komandaya cəlb olunmasını istəyir. Argentinalı mütəxəssis Vinisiusu hücum xəttinin aparıcı futbolçularından biri kimi görür və onun ətrafında rəqabətədavamlı komanda qurmağı planlaşdırır.
“Mançester Yunayted” Vinisiusun “Real Madrid”dəki vəziyyətini yaxından izləyir. Madrid klubunda əvvəlki kimi əsas heyətin dəyişməz üzvü olmayan futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik İngiltərə təmsilçisinin marağını artırıb.
Mənbənin məlumatına əsasən, Vinisius “Arsenal”ın da diqqət mərkəzindədir. “Real Madrid” braziliyalı futbolçunun satışına razılıq verərsə, “Mançester Yunayted” transfer üçün hərəkətə keçə bilər.
Qeyd edək ki, Vinisius Juniorun Madrid klubu ilə müqaviləsi 2032-ci il iyunun 30-dək qüvvədədir. Buna görə də mümkün transferin reallaşması üçün tərəflər arasında ciddi danışıqlar aparılmalıdır.
