"Sona qədər mübarizə apardıq".
İdman.biz xəbər verir ki, bunu Konfrans Liqasının pley-off mərhələsində keçirilən “Zirə” - “Omoniya” (Kipr) oyunundan sonra mətbuat konfransında Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov deyib.
Matçı şərh edən mütəxəssis bildirib ki, komandasının oyunundan razıdır: "İlk dəqiqələrdən rəqib üzərində təzyiq yarada bildik. Təbii ki, 0:6-dan dönüş görməmişəm. Ancaq sona qədər mübarizə apardıq. Futbolçular çox yüklənmişdilər. Komandamı təbrik edirəm, onların oyunlarından çox razı qaldım. Bizdə bəzən futbolu reallıqdan uzaq olaraq şərh edirlər. Bu da bizim qərarlara çox təsir edir. Beynimdən keçirdi ki, həmin oyuna daha ehtiyatlı bir sistemlə çıxaq. Ancaq iki mərhələdən sonra belə bir qərar çox məsuliyyətli ola bilərdi. Bunlar hamısı təcrübədir. Düşünürəm ki, düzgün təhlil etsək, 0:6 da bizim üçün böyük təcrübə idi".
- Sizcə, komandada nə dəyişib?
- Futbolçular bir-birinə daha çox uyğunlaşırlar. Oyun intizamı artır. Vacib olan bunları saxlayıb, bir az inkişaf etdirməliyik. Təəssüflər olsun ki, bu mərhələyə gəlib çıxana qədər ciddi itkilərimiz oldu. Bütün oyunları hansı futbolçu keçiribsə, bütün oyunlardan kənar qalmısansa, oyun tonusuna düşmək çətindir. Sol cinahda ötən mövsüm Məqsəd İsayev oynayırdı. Bu gün Məqsədi alışdığımız Məqsəd kimi gördük. O da formasını bərpa edib. Səfərdəki oyunda Hacıağa Hacılı isinmədə zədələndi. Özü ilə danışdıq ki, dözə bilərsən? İynə ilə oynadı. Amma zədə performansına təsir edirdi. Xırda detallar kimi görünə bilər. Amma təsir edən detallardır. Bu gün "Omoniya"ya topla rahat oynamağa imkan vermək istəmirdik. Birinci oyuna qayıtsaydıq, bəzi şeyləri dəyişərdik. Təcrübədir. Sırf çempionata köklənəcəyik. "Qarabağ" da avrokubok oynayıb. Heyətimizdə itkilər çoxdur, rotasiya üçün imkanımız azdır. İstədiyimiz nəticəni almağa çalışacağıq. "Qarabağ", "Sabah", "Neftçi" çempionatın favoritidir. Belə məqamlarda dözməli, xarakter göstərməliyik.
- Səfərdəki 0:6 və çempionatda "Şamaxı"ya 0:1-dən sonra komandanı oyuna necə köklədiz?
- Kollektivimizə güvənirəm. Ən az hazırlaşdığımız, danışdığımız oyun idi. Oyundan öncə də "ustanovka" az oldu. Taktiki tapşırıqlar dünən oldu. Daha çox hər şeyi özlərinə buraxmışdım. İnanırdım ki, bu vəziyyətdən düzgün çıxış yolu tapacaqlar.
- Bundan sonra Rəşad Sadıqovun məşqçi kimi hədəfi nədir?
- İlk növbədə bu nəticələri stabilləşdirməkdir. Futbol elədir ki, dünya çempionu olursan, ikinci dəfə bunu etmək çətindir. Futbolçularında hansısa rahatlıq baş verə bilər. Hədəfim bu nəticələri stabil etmək, avrokuboklarda hər il çıxış edib, xallar da toplamaqdır.
- "Qarabağ" "Dinamo"ya uduzdu, "Zirə" isə "Omoniya" səddini keçə bilmədi. İki komanda da əsəbi olacaq. Demək olar ki, tarixinin ən güclü "Zirə"sini görəcəyik "Qarabağ"a qarşı?
- Tam heyətlə olsaydıq, razıyam. Üç gündən bir oynamaq çətindir. Təəssüflər olsun ki, 4-5 itkimiz var. Futbolçuların durumu sabah bəlli olacaq. "Qarabağ"la oyunda ən güclü "Zirə"ni görə bilməsək də, ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq.
Qeyd edək ki, Kiprdə 6 cavabsız qol buraxan “qartallar” Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Omoniya"nı minimal hesabla məğlub edib və yarışla vidalaşıblar.
Aytac Sahəd
İdman.biz