Rəşid Məmmədəliyev Vardanyanı məğlub edərək qızıl medal qazandı - YENİLƏNİB + VİDEO

12 Sentyabr 2026 23:00
1 434
Rəşid Məmmədəliyev Vardanyanı məğlub edərək qızıl medal qazandı

Azərbaycan cüdoçuları Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci yarış gününü iki medalla başa vurublar.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev finalda İsveç təmsilçisi Narek Vardanyanı məğlub edərək qızıl medal qazanıb.

Bu, Məmmədəliyevin “Böyük Dəbilqə” yarışlarında karyerasının ilk qızıl medalıdır.

81 kq çəki dərəcəsində çıxış edən Vüsal Qələndərzadə isə üçüncü yer uğrunda görüşdə Sloveniyanı təmsil edən Natse Herkoviçə qalib gələrək bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan cüdoçuları turnirin ikinci günündə bir qızıl və bir bürünc medal qazanıblar.

17:30

Azərbaycan cüdoçuları Rəşid Məmmədəliyev və Vüsal Qələndərzadə Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci yarış günündə medal görüşlərinə yüksəliblər.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev ardıcıl beş qələbə qazanaraq yarışın finalına vəsiqə əldə edib.

Azərbaycanlı cüdoçu əvvəlcə fransalı Orlando Kazorlu, estoniyalı Oskar Pertelson, moldovalı Renat Kroitoru və israilli Ohad Moritsi məğlub edib. Məmmədəliyev yarımfinalda Yaponiyanı təmsil edən Şusuke Uçimura üzərində qələbə qazanıb.

O, həlledici görüşdə İsveç təmsilçisi Narek Vardanyanla qarşılaşacaq.

Beləliklə, Rəşid Məmmədəliyev Azərbaycan yığmasına ən azı gümüş medal qazandırmağı artıq təmin edib.

81 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qalandarzadə də ilkin mərhələni uğurla başa vurub. O, Kipr təmsilçisi Odisseas Georgakisi, Rusiyanı təmsil edən Abdul-Kərim Tasuyı, bolqarıstanlı Hristo Valkovu və serbiyalı Vasilije Qruyiçiçi məğlub edərək qrup qalibi olub.

Qələndərzadə yarımfinalda yaponiyalı Yoşito Hocoiyə uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə Sloveniyanı təmsil edən Nace Herkoviçlə qarşılaşacaq.

Azərbaycanın daha iki təmsilçisi isə çıxışını başa vurub. Kamran Süleymanov (73 kq) ilk görüşdə fransalı Natan Kadinyana, Südaba Ağayeva (70 kq) isə portuqaliyalı Tais Pinaya məğlub olub.

Qeyd edək ki, 81 kq çəki dərəcəsində mübarizə aparmalı olan olimpiya çempionu Hidayət Heydərov aldığı zədə səbəbindən tatamiyə çıxmayıb.

İkinci yarış gününün final bloku Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Budapeştdəki “Böyük Dəbilqə” turniri sentyabrın 13-də başa çatacaq.

10:21

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin ikinci yarış günündə Azərbaycan millisinin dörd üzvü tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, qadınların 70 kq çəki dərəcəsində Südabə Ağayeva 1/16 finalda Portuqaliya təmsilçisi Tais Pina ilə qarşılaşacaq.

Kişilərin 73 kq çəkisində Kamran Süleymanov və Rəşid Məmmədəliyev mübarizəyə 1/32 finaldan başlayacaqlar. Süleymanov Fransanı təmsil edən Natan Kadinyan, Məmmədəliyev isə digər Fransa cüdoçusu Orlando Kazorla ilə üz-üzə gələcək.

81 kq-da çıxış edən Vüsal Qələndərzadə isə 1/32 finalda Kipr təmsilçisi Odisseas Georqakis ilə qarşılaşacaq.

Qeyd edək ki, Hidayət Heydərov dünən zədələndiyi üçün bu gün tatamiyə çıxmayacaq. Təsnifat mərhələsi saat 11:00-da, final bloku isə 19:00-da başlayacaq.

Xatırladaq ki, ötən gün “Böyük Dəbilqə” turnirində Könül Əliyeva (48 kq), Babarəhim Mirzəyev (60 kq), Murad Muradlı (60 kq), Rəşad Yelkiyev (66 kq) və Nizami İmranov (66 kq) məğlub olublar. Turnirə sentyabrın 13-də yekun vurulacaq.

İdman.Biz