Azərbaycan millisi 3x3 basketbol üzrə Avropa çempionatında 1/4 finala vəsiqə qazandı - YENİLƏNİB

13 Sentyabr 2026 02:31
1 505
Azərbaycan millisi 3x3 basketbol üzrə Avropa çempionatında 1/4 finala vəsiqə qazandı

Belçikanın Antverpen şəhərində keçirilən 3x3 basketbol üzrə Avropa çempionatında qrup mərhələsinin taleyini həll edən Niderland – Ukrayna matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada Niderland seçməsi Ukrayna yığmasını 19:14 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra qrupumuzdakı bütün oyunlar başa çatıb və qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan milli komandası A qrupunu ikinci sırada tamamlayaraq 1/4 finala yüksəlib.

Xatırladaq ki, yığmamız qrupdakı ilk oyununda Niderlanda 12:21 hesabı ilə uduzsa da, ikinci görüşdə Ukrayna seçməsini 20:7 hesabı ilə məğlub etmişdi.

21:33

Qadınlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

İdman.Biz xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən turnirdə millimiz ilk qrup oyununda Niderlanda 12:21 hesabı ilə məğlub olub.

Yığmamız ikinci görüşündə isə Ukrayna seçməsi ilə qarşılaşıb. Millimiz rəqibini 20:7 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra komandamızın 1/4 finala yüksəlmək şansları artıb.

Qrupdakı yekun mövqeyimiz saat 22:45-də keçiriləcək Niderland – Ukrayna qarşılaşmasından sonra məlum olacaq.

17:17

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

İdman.Biz xəbər verir ki, yığmamız qrup mərhələsində ilk oyununu Niderland millisinə qarşı keçirib.

Qarşılaşma Niderlandın 21:12 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisi qrup mərhələsində növbəti oyununu bu gün saat 20:55-də Ukraynaya qarşı keçirəcək.

12:48

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayır.

İdman.Biz xəbər verir ki, Bakı vaxtı ilə saat 16:20-də başlayacaq ilk matçda rəqib Niderland seçməsi olacaq.

Azərbaycan yığması günün ikinci oyununda, saat 20:55-də Ukrayna komandası ilə üz-üzə gələcək.

İdman.Biz