Basketbol üzrə Azərbaycan Basketbol Liqasında noyabrın 8-də altıncı turun son iki qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, günün ilk görüşündə “Gəncə” və “Sumqayıt” komandaları üz-üzə gələcəklər. Gəncə İdman Sarayında baş tutacaq oyun saat 14:00-da başlayacaq.
“Gəncə” indiyədək keçirdiyi dörd qarşılaşmada iki qələbə qazanıb və iki dəfə məğlub olub. “Sumqayıt” isə beş oyundan birində qalib gəlib, dördündə uduzub.
Günün ikinci qarşılaşmasında “Naxçıvan” və “LANDAU Lions” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək görüş saat 15:00-da başlayacaq.
“Naxçıvan” mövsümdə keçirdiyi dörd oyundan üçündə qələbə qazanıb, birində məğlub olub. “LANDAU Lions” isə dörd qarşılaşmada iki qələbə və iki məğlubiyyətlə yadda qalıb.
Qeyd edək ki, əvvəlki turda “Gəncə” NTD-ni 100:80 hesabı ilə məğlub edib. “Neftçi” “LANDAU Lions”dan üstün olub - 86:84. “Sumqayıt” “Sabah”a 85:100, “Naxçıvan” isə “Ordu”ya 76:84 hesabı ilə uduzub.
