“Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis Azərbaycan Basketbol Liqasının altıncı turunda NTD üzərində qazandıqları 82:63 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyuna hazırlıq üçün kifayət qədər vaxtlarının olmadığını açıqlayıb:
“Bugünkü qarşılaşma bizim üçün bir qədər fərqli oldu. Çünki səfərdən dünən səhər saat dörddə qayıtmışdıq, saat 12-də isə artıq məşqimiz var idi. Oyunçular lazımi qədər istirahət edə bilməmişdilər və hazırlıq üçün kifayət qədər vaxtımız yox idi. Cəmi bir videoanalizə baxdıq və rəqib haqqında təxminən yarım saat danışdıq. Bu gün isə demək olar ki, birbaşa oyuna çıxdıq.
Müsbət məqam odur ki, heyətdəki 12 basketbolçunun hamısı meydançaya çıxaraq müəyyən qədər oyun vaxtı qazandı. Onlardan bəziləri əvvəlki matçda ümumiyyətlə oynamamışdılar, buna görə də bu gün komandaya kömək etməyə tam hazır idilər”.
Vasiliadis qarşılaşmanın ilk yarısında komandasının çıxışından razı qalmadığını da gizlətməyib:
“Üçüncü perioddan sonra, xüsusilə sonuncu periodda oyunçular yaxşı konsentrasiya nümayiş etdirdilər. İlk 20 dəqiqə bizim üçün kiçik bir fəlakət idi. Amma mövcud şəraiti nəzərə alsaq, bu, gözlənilən idi və mənim üçün təəccüblü olmadı.
Çempionatda ardıcıl beşinci qələbəmizi qazandığımız üçün xoşbəxtəm. Bu gün oyuna hazır olduqlarına və göstərdikləri mübarizəyə görə oyunçuların hər birini təqdir edirəm.
Sabah komanda istirahət edəcək. Bazar ertəsindən isə məşqlərə qayıdaraq “Mykonos”a qarşı oyuna hazırlaşmağa başlayacağıq”.
Qeyd edək ki, “Neftçi” və NTD arasında qarşılaşma Milli Gimnastika Arenasında keçirilib.
