“Naxçıvan” basketbol komandasının baş məşqçisi Georgi Kondruseviç Basketbol Liqasının altıncı turunda “LANDAU Lions” üzərində 63:59 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında rəqibin gücünü xüsusi vurğulayıb və yetirmələrinin mübarizəsindən razı qaldığını bildirib.
“LANDAU Lions” balanslaşdırılmış heyətə malik çox yaxşı komandadır. Onlara qarşı oynamaq həqiqətən çətin idi. Basketbolçularımızın qələbə əzmi meydanda açıq şəkildə görünürdü. Buna görə həm oyunçularımıza, həm də bizə böyük kömək göstərən bütün əməkdaşlarımıza təşəkkür etmək istəyirəm”, - mütəxəssis söyləyib.
Baş məşqçi qarşılaşmadan əvvəl komandada yaranan zədə problemlərinə də toxunub:
“Ordu” ilə matçdan sonra zədələrlə bağlı müəyyən problemlərimiz yarandı. Buna görə də 40 dəqiqə ərzində eyni oyun səviyyəsini qorumaq həqiqətən asan deyildi. Lakin basketbolçularımız bu çətinliyin öhdəsindən gəldilər”.
Kondruseviç komandanın tam formalaşması üçün zamana ehtiyac olduğunu vurğulayıb:
“Heyətimizi tam formalaşdırmaq üçün bizə bir qədər də vaxt lazımdır. Digər klublarla müqayisədə bəzən müəyyən mövqelərdə oyunçularımız çatışmır. Bu isə rəqiblərlə rəqabəti xeyli çətinləşdirir. Ancaq əzmkarlıqla çalışaraq bu problemlərin də öhdəsindən gələcəyik”.
Qeyd edək ki, “Naxçıvan” “LANDAU Lions” üzərində qələbə qazanmaqla cari mövsümdə dördüncü uğuruna imza atıb.
