“İnter”dən möhtəşəm geridönüş, “Roma” və “Komo” yenə qalib gəldi – A Seriyasında zirvə yarışı - YENİLƏNİB + VİDEO

15 Sentyabr 2026 00:51
793
“İnter”dən möhtəşəm geridönüş, “Roma” və “Komo” yenə qalib gəldi – A Seriyasında zirvə yarışı

İtaliya A Seriyasının dördüncü turu çərçivəsində “İnter” və “Udineze” komandaları qarşılaşıb.

İdman.Biz xəbər verir ki, Milandakı “Cüzeppe Meattsa” stadionunda keçirilən görüşdə meydan sahibləri 5:3 hesabı ilə qalib gəlib.

Doqquzuncu dəqiqədə “Udineze”nin müdafiəçisi Ceyms Abankva hesabı açıb. Yeddi dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Yurgen Ekkelenkamp komandasının üstünlüyünü iki topa çatdırıb.

26-cı dəqiqədə “İnter”in müdafiəçisi Karlos Auqusto fərqi azaldıb. 35-ci dəqiqədə Milan təmsilçisinin yarımmüdafiəçisi Nikolo Barella hesabı bərabərləşdirib.

Hücumçu Markus Türam 57-ci dəqiqədə “İnter”i önə keçirib. 67-ci dəqiqədə Françesko Espozito “Udineze”nin qapısına dördüncü qolu vurub. 79-cu dəqiqədə Anj-Yoan Bonni hesabı 5:2 edib. Qonaqların hücumçusu İndissa Qeye isə 90+1-ci dəqiqədə “İnter”in qapısına üçüncü qolu vurub.

Bu nəticədən sonra “İnter” dörd turda 12 xal toplayaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Udineze” isə 4 xalla 13-cü yerdədir.

Növbəti turda Milan klubu sentyabrın 19-da səfərdə “Roma” ilə qarşılaşacaq. “Udineze” isə həmin gün öz meydanında “Kalyari”ni qəbul edəcək.

22:49

İtaliya A Seriyasının dördüncü turunda “Torino” və “Roma” komandaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Turin şəhərindəki “Olimpiko Grande Torino” stadionunda keçirilən qarşılaşmada “Roma” 2:0 hesablı qələbə qazanıb.

Donyell Malen 40-cı dəqiqədə hesabı açıb. Nikkolo Pizilli isə 90+3-cü dəqiqədə “Roma”nın üstünlüyünü iki topa çatdırıb.

Turun digər matçında “Komo” evdə “Parma”nı 2:1 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Hakoba Ramon və Kayki fərqləniblər. Qonaqların qolunu isə David Romero oyunun əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə vurub.

Bu nəticədən sonra “Roma” və “Komo” dörd turdan sonra 12 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edirlər. “Torino” isə 3 xalla 14-cü pillədə qərarlaşıb. “Parma” bir xalla 17-cidir.

İdman.Biz