NFL matçında təhlükəli anlar: atəşfəşanlıq helikopterə tuş gəldi - VİDEO

3 Noyabr 2026 13:48
99
NFL matçında təhlükəli anlar: atəşfəşanlıq helikopterə tuş gəldi - VİDEO

ABŞ-nin Milli Futbol Liqasında (NFL) “Sietl Sihoks” və “Çikaqo Bears” komandaları arasında keçirilən qarşılaşmadan əvvəl təhlükəli hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, Sietldəki “Lumen Field” stadionunda təşkil olunan açılış mərasimində atəşfəşanlıq hərbi helikopterlərdən birinin uçuşu ilə eyni vaxta təsadüf edib.

ABŞ-nin dövlət himni səsləndirildikdən sonra dörd hərbi helikopter stadionun üzərindən uçub. Sonuncu helikopter arenanı tərk edərkən stadionun böyük ekranlarından birinin yaxınlığında pirotexniki vasitələr işə salınıb.

Atəşfəşanlığın helikopterin bilavasitə yaxınlığında partlaması tribunalarda təşvişə səbəb olub. Sosial şəbəkələrdə yayılan ilkin görüntülərdə pirotexniki vasitələrin hava nəqliyyatına toxunduğu təəssüratı yaranıb.

Lakin hadisənin başqa rakurslardan çəkilən görüntülərində partlayışların helikopterin yaxınlığında baş verdiyi görünür.

Hadisəyə baxmayaraq, helikopter uçuşunu davam etdirib və hər hansı qəza qeydə alınmayıb.

Qeyd edək ki, qarşılaşma “Çikaqo Bears”ın 34:17 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz